𝐒̧ə𝐦𝐤𝐢𝐫𝐝ə “Ə𝐦ə𝐤 𝐲𝐚𝐫𝐦𝐚𝐫𝐤𝐚𝐬ı” 𝐤𝐞𝐜̧𝐢𝐫𝐢𝐥𝐢𝐛.
Aprelin 5-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən Şəmkir rayonunda keçirilən əmək yarmarkasında işaxtaranlara 130 vakant iş yeri təklif olunub.
Məşğulluq tədbirində işsiz və işaxtaran şəxslərə 18 müəssisədə vakant iş yerləri təqdim edilib. İş təklifləri iqtisadi fəaliyyət növünə görə, rayonun əmək bazarının tələbatına uyğun olaraq kənd təsərrüfatı, emal, xidmət və istehsal sahələrini əhatə edib.
Yarmarkda işəgötürənlər tərəfindən 270 müraciət qeydə alınıb. Boş iş yerləri üzrə işəgötürənlər tərəfindən təklif edilən əməkhaqqı 345-800 manat arasında dəyişib.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev əsas məqsədinin işsiz və işaxtaranların əmək bazarına çıxışının dəstəklənməsi, onların məşğulluğunun təmin edilməsi olan əmək yarmarkasının gedişatı ilə tanış olub.
İcra başçısı bildirib ki, bu gün dövlətimiz işsizliyin aradan qaldırılması üçün bütün imkanlardan istifadə edir və bu yarmarkanın keçirilməsində məqsəd də işaxtaranların bu imkanlardan maksimum istifadə etməsinə şərait yaratmaqdır.
Tədbirin təşkilatçıları tərəfindən icra başçısına bildirilib ki, yarmarkada öz kiçik biznesini qurmaq istəyən şəxslərin özünüməşğulluq proqramına, əmək bazarının tələblərinə uyğun yeni peşələrə yiyələnmək istəyənlərin peşə hazırlığına cəlb edilməsi üçün qeydiyyatı aparılıb.