𝐒̧ə𝐦𝐤𝐢𝐫𝐝ə 𝐬ə𝐧𝐚𝐲𝐞𝐧𝐢𝐧 𝐢𝐧𝐤𝐢𝐬̧𝐚𝐟ı 𝐝𝐚𝐯𝐚𝐦 𝐞𝐝𝐢𝐫.
05 sentyabr 2023 | 09:15
Şəmkir əsasən kənd təsərrüfatı sahəsi üzrə ixtisaslaşsa da iqtisadiyyatın digər sahələri kimi sənayenin də davamlı inkişafı daim diqqət mərkəzindədir.
2023-cü ilin yanvar-iyun aylarında Şəmkir rayonunda 46755,4 manatlıq sənaye məhsulu istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Qeyd olunan göstərici üzrə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 33,1 faiz artım əldə olunmuşdur.
Ümumi istehsalın 49,8 faizini sənaye məhsulları, 50,2 faizini isə sənaye xidmətləri təşkil etmişdir.
Məhsulun 36,4 faizi emal, 56,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 2,4 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur. Emal sektorunda istehsalın əsasını metallurgiya məhsullarının, qida məhsullarının və içkilərin istehsalı təşkil edir. İçki istehsalının real həcmi 4 dəfə artaraq 623,3 min manat təşkil etmişdir ki, bu rayonda istehsal edilən içkilərin daxili bazarda satışı ilə yanaşı, ABŞ, Rusiya, Çin, Cənubi Koreya və Yaponiya kimi xarici ölkələrə də ixrac edilməsinə zəmin yaradır.
Sevindirici məqam ondan ibarətdir ki, ötən ilin eyni dövrü ilə müqayisədə sənaye sahəsində qeyri-dövlət sektorunun xüsusi çəkisində ciddi artım baş vermişdir. Belə ki, sözügedən istiqamətdə cari ilin 6 ayı ərzində istehsal olunmuş ümumi məhsulun və göstərilmiş xidmətlərin 40,9%-i qeyri-dövlət sektorunun payına düşmüşdür.