𝐒̧ə𝐦𝐤𝐢𝐫𝐝ə 𝟖 𝐦𝐚𝐫𝐭 - 𝐁𝐞𝐲𝐧ə𝐥𝐱𝐚𝐥𝐪 𝐐𝐚𝐝ı𝐧𝐥𝐚𝐫 𝐆𝐮̈𝐧𝐮̈ 𝐦𝐮̈𝐧𝐚𝐬𝐢𝐛ə𝐭𝐢𝐥ə 𝐭ə𝐝𝐛𝐢𝐫 𝐤𝐞𝐜̧𝐢𝐫𝐢𝐥𝐝𝐢, 𝐒̧ə𝐡𝐢𝐝 𝐚𝐢𝐥ə𝐥ə𝐫𝐢 𝐞𝐯𝐥ə𝐫𝐢𝐧𝐝ə 𝐳𝐢𝐲𝐚𝐫ə𝐭 𝐨𝐥𝐮𝐧𝐝𝐮.
08 mart 2023 | 15:04
Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirildi.
Əvvəlcə Şəmkir RİH başçısı aparatının əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri Birinci və İkinci Qarabağ müharibəsində şəhid olan qəhərman övladlarımızın ailələrini ziyarət etdi, şəhid analarına və xanımlarına bayram təbriklərini çatdırdılar.
Rayonumuzun ictimai-siyasi həyatında yaxından iştirak etmiş, əməkdə fərqlənmiş qadınlarla görüşdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev bütün qadınları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etdi, onlara can sağlığı, ailə səadəti arzuladı.
İcra başçısı bildirdi ki, qədim köklərə söykənən milli ailə dəyərlərinin daşıyıcısı olan Azərbaycan qadını həm də cəmiyyətin gələcəyi üçün sağlam nəsil yetişdirən bir ana olaraq həmişə dərin hörmət və ehtirama layiq olub.
Rəşad Tağıyev qeyd etdi ki, müasir Azərbaycanın qurucusu, ümummilli liderimiz Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə qadınlarımıza yüksək qiymət verib: “Bu ənənələrə sadiq qalan cənab Prezident İlham Əliyev qadınların ictimai-siyasi fəaliyyətinin artırılmasına xüsusi önəm verir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 gün müddətində davam edən Vətən müharibəsində Şanlı zəfərimizin əldə olunmasında göstərilən qəhrəmanlıq, qorxmazlıq Azərbaycan qadınının gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etdiyinin, onları xalqa, cəmiyyətə layiqli övlad kimi formalaşdırmasının başlıca göstəricisi kimi təsdiqləndi. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın haqq-ədalət, humanizm, xeyriyyəçilik və bəşəri prinsiplərə söykənən sərhəd tanımayan çoxşaxəli fəaliyyəti nəinki Azərbaycan qadınları, eləcə də dünya qadınları üçün əsl örnəkdir”.
Tədbirdə RİH başçısı tərəfindən Şəmkir rayonunun ictimai-siyasi, mədəni həyatında fərqlənən xanmımlara Təşəkkürnamə və bayram hədiyyəsi təqdim olundu.
8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbirdə rayonumuzun gənc musiqiçiləri də öz ifaları ilə xanımları təbrik etdilər.