Ə.Cavad, M.İbrahimov və H.Cavid küçələrində abadlıq-quruculuq işləri yekunlaşdırılaraq sakinlərimizin istifadəsinə verildi
14 dekabr 2023 | 09:45
Xəbər verdiyimiz kimi cari ildə rayon İcra Hakimiyyətinin sifarişilə Şəmkir şəhərinin 5 küçəsində və 5 parkında geniş abadlıq-quruculuq işləri aparılır.
Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev layihə çərçivəsində abadlıq işləri yekunlaşdırılaraq sakinlərimizin istifadəsinə verilən Mübariz İbrahimov (6-cı küçə), Əhməd Cavad (Heydər Əliyev prospekti - 9-cu küçə), Hüseyn Cavid (5-ci küçə - 13-cü küçə (H.Cavid küçəsinin 1-ci – 5-ci küçələr arası hissəsində ötən il abadlıq işləri aparılmışdır) küçələrinə baxış keçirib, görülən işlərlə yerində tanış olub.
İcra başçısına məlumat verilərək bildirilib ki, küçələrdə aparılan abadlıq işləri çərçivəsində divarların sment-əhəng məhlulu ilə suvanması, fasadların boyanması, əhəng daşından üzlük tavalarla divarların üzlənməsi, aqlay haşiyələrin və ya təbii qaya daşlarının qoyulması, metal və taxta səthlərin rənglənməsi həyata keçirilib.
Görülən işlər sakinlərimiz tərəfindən minnətdarlıqla qarşılanıb.
Rayon İcra Hakimiyyətinin başçısı bildirib ki, davamlı olaraq aparılan abadlaşdırma işləri şəhərimizin estetik görünüşünün gözəlləşdirilməsinə, sakinlərimiz üçün rahat yaşam şəraitinin yaradılmasına xidmət edir.
Bununla yanaşı vurğulanıb ki, yaradılan infrastrukturun, o cümlədən şəhərimizin təmizliyinin qorunması hər bir sakinimizdən asılıdır.
Onu da qeyd edək ki, Şəmkir rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş inkişaf planına uyğun olaraq növbəti ildə də şəhərimizin bir sıra küçələrində abadlıq işlərinin aparılması nəzərdə tutulub.
Həmçinin bildirək ki, Şəmkir şəhərində “Abad Həyət” layihəsi çərçivəsində binaların fasadları və giriş hissələrində təmir-bərpa işlərinin aparılması, yaşıllıqlların salınması, böyüklərin və uşaqların istirahəti üçün qurğuların quraşdırılması işləri də planlaşdırılır.