Şriftin ölçüsü :

Saytın rəngi :

𝐒̧ə𝐦𝐤𝐢𝐫 𝐬̧ə𝐡ə𝐫𝐢𝐧𝐝ə 𝐬̧ə𝐡ə𝐫𝐝𝐚𝐱𝐢𝐥𝐢 𝐦𝐨𝐛𝐢𝐥𝐥𝐢𝐤 𝐩𝐥𝐚𝐧ı𝐧ı𝐧 𝐢𝐜𝐫𝐚𝐬ı 𝐡ə𝐲𝐚𝐭𝐚 𝐤𝐞𝐜̧𝐢𝐫𝐢𝐥ə𝐜ə𝐤.

16 may 2023 | 11:30
“Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” məqsədilə Şəmkir Rayon İcra Hakimiyyəti və Azərbaycan Texniki Universiteti (AzTU) arasında müqavilə imzalanıb.
İmzalanma mərasimlərində Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Azərbaycan Texniki Universitetinin rektoru, iqtisad elmləri doktoru Vilayət Vəliyev, Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov, RİH-in və AzTU-nun məsul əməkdaşları iştirak ediblər.
Şəmkirdə son illər həyata keçirilən layihələr, görülən işlər barədə danışan Rəşad Tağıyev Prezident cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Şəmkirin ildən-ilə daha da inkişaf etdiyini qonaqların diqqətinə çatdırıb.
Görüşdə “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” layihəsinin gedişatına dair fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, dünyaya sürətlə inteqrasiya olunan respublikamızın şəhərlərində mobillik planının işlənib hazırlanması əhalinin həyat keyfiyyətinin əhəmiyyətli dərəcədə artmasına təkan verəcək.
Belə ki, hazırlanacaq hesabatlar şəhər nəqliyyat infrastrukturunun ümumi inkişafı, ictimai nəqliyyat şəbəkəsinin işinin yaxşılaşdırılması, piyada hərəkətinin təhlükəsizliyinin artırılması və asanlaşdırılması, velosiped yollarının istiqamətinin müəyyən edilməsi, yollarda digər təkmilləşdirmə üzrə tədbirlər “Şəhərdaxili hərəkət (mobillik) planları”nda öz əksini tapacaq.
Bildirilib ki, müqavilənin Ulu Öndərin 100 illiyi ərəfəsində imzalanması və “Heydər Əliyev İli”ndə icra olunması mühüm hadisə olmaqla bərabər onun irsinin davamına əhəmiyyətli töhfədir. Məhz Ulu Öndər şəhərlərimizin dayanıqlı inkişafına, xüsusilə də yol şəbəkələrinin planlı layihələndirilməsi və icrasına ciddi fikir verirdi.
Qeyd edək ki, müqavilə Dayanıqlı inkişaf məqsədlərinin ardıcıl həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 7.4.6.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 22 yanvar tarixli 25 nömrəli “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” qərarına uyğun işlərin görülməsini nəzərdə tutur.
Keçidlər