𝐕𝐢𝐥𝐚𝐲ə𝐭 𝐄𝐲𝐯𝐚𝐳𝐨𝐯 𝐒̧ə𝐦𝐤𝐢𝐫𝐝ə 𝐯ə𝐭ə𝐧𝐝𝐚𝐬̧ 𝐪ə𝐛𝐮𝐥𝐮 𝐯ə 𝐬ı𝐫𝐚 𝐛𝐚𝐱ı𝐬̧ı 𝐤𝐞𝐜̧𝐢𝐫𝐢𝐛.
17 mart 2023 | 10:16
Azərbaycanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov martın 15-də və 16-da Şəmkir Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.
Nazir Vilayət Eyvazov və Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev əvvəlcə ümummilli lider Heydər Əliyevin Şəmkir şəhərindəki abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad ediblər.
Daha sonra Şəmkir Rayon Polis Şöbəsinin inzibati binasında Gədəbəy, Daşkəsən, Tovuz, Ağstafa, Qazax və Şəmkir rayonlarından qəbula gələn 156 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.
Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb.
Səfər çərçivəsində general-polkovnik V.Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.
Sıra baxışında ətraf rayonlarda yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak ediblər. 22-si Vətən müharibəsi iştirakçısı olmaqla xidmətə qəbulun şərtlərinə uyğun gələn 122 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.