𝐘𝐞𝐧𝐢 𝐬𝐮𝐯𝐚𝐫𝐦𝐚 𝐬𝐢𝐬𝐭𝐞𝐦𝐥ə𝐫𝐢, 𝐬𝐮𝐲𝐚 𝐢𝐤𝐢 𝐝ə𝐟ə 𝐪ə𝐧𝐚ə𝐭, 𝐀𝐳ə𝐫𝐛𝐚𝐲𝐜𝐚𝐧𝐝𝐚 𝐢𝐥𝐤 𝐢𝐬𝐭𝐢𝐟𝐚𝐝ə 𝐨𝐥𝐮𝐧𝐚𝐧 𝐭𝐞𝐱𝐧𝐢𝐤𝐚𝐥𝐚𝐫, 𝐲𝐮̈𝐤𝐬ə𝐤 𝐦ə𝐡𝐬𝐮𝐥𝐝𝐚𝐫𝐥ı𝐪- "𝐀𝐳ə𝐫𝐬̧ə𝐤ə𝐫" 𝐌𝐌𝐂-𝐧𝐢𝐧 𝟐𝟎𝟐𝟐-𝐜𝐢 𝐢𝐥𝐝ə 𝐠𝐨̈𝐫𝐝𝐮̈𝐲𝐮̈ 𝐢𝐬̧𝐥ə𝐫
Son illərdə ölkəmizdə kənd təsərrüfatının modernləşdirilməsi, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşılması, ölkənin aqrar potensialının təbliği istiqamətində mühüm uğurlar əldə edilib.
Aqrar islahatların müasir mərhələsi ilə bağlı Prezident cənab İlham Əliyev tərəfindən qəbul olunmuş qərarlar, ölkədə bu sahənin institusional, iqtisadi və texnoloji inkişaf mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlərin icrası kənd təsərrüfatının keyfiyyətcə yeni inkişaf mərhələsinə keçməsinə təkan verib.
Bu gün Şəmkir də ölkəmizin ən böyük kənd təsrrüfatı rayonlarından biridir.
Rayonda kənd təsərrüfatının inkişafı üçün kompleks tədbirlər həyata keçirilir, fermerlərə dəstək göstərilir, mütamadi olaraq onların təklifləri dinlənilir, problemlərinin aradan qaldırılması üçün məqsədyönlü tədbirlər həyata keçirilir.
Şəmkir rayonunda kənd təsərrüfatının inkişafında xüsusi rolu olan təşkilatlardan biri də "Azərşəkər" MMC-dir.
Hazırda müəssisənin təsərrüfatlarında 6.1 km elektrik xətti çəkilib, 16 min kVt-luq yarımstansiya tikilib, 40 kVt-luq və 3 ədəd 1000 kVt-luq transformatorlar quraşdırılmışdır. Eyni zamanda 15.3 km uzunluğunda su xətti çəkilmiş, müvafiq olaraq 65, 250, 500 min kubmetrlik su tutarları tikilmişdir.
"Azərşəkər" MMC-nin tərkibində olan təsərrüfatda 758.6 hektar sahədə yeni pivot quraşdırılmışdır. Ümumi pivot sahəsi isə 1429.6 hektardır. Bundan başqa 40 hektar ərazidə damlama, 17.2 sahədə isə sprinkler sistemindən istifadə olunur. Həmçinin pivota ilk dəfə olaraq yeni texnologiya- Draqonlayn sistemi qurulub ki, pivotu damla suvarma sistemi kimi idarə edir və nəticədə suya qənaət iki dəfə azalır. Sistem suyu birbaşa bitkinin dibinə yönləndirir.
2022-ci ildə təsərrüfatlardan pivotaltı sahalərdə əkilmiş 130 hektar ərazidən 772.65 ton buğda, 165.7 hektar ərazidən 851.4 ton arpa, 74.9 hektar ərazidən isə 151.8 ton soya məhsulu yığılmışdır (soya 25 hektar ərazidə damlama sistemi ilə də əkilmiş, həmin ərazilərdən 54.200 ton məhsul əldə olunmuşdur).
Eyni zamanda 197.95 hektar ərazidən 1179.8 ton qarğıdalı, 161.55 hektar ərazidən isə 1326,050 ton çuğundur toplanmışdır. 65.2 hektar əraziyə isə yonca əkilmişdir.
"Azərşəkər" MMC-dən bildirilir ki, əkilmiş ərazilərdə bitkilərində təhlükəli ola biləcək xəstəliklərin aşkarlanması məqsədilə müəssisənin mütəxəssisləri tərəfindən monitorinq keçirilib.
Məlumat üçün bildirək ki, əvvəlki əkin mövsümündə tətbiq edilən ən son texnologiya, yeni yanaşma sayəsində yüksək məhsuldarlıq əldə edilib. Belə ki, arpa və buğda sahələrində orta məhsuldarlıq 6 ton olub.
Məlumat üçün bildiririk ki, "Azərşəkər" MMC təsərrüfatlarında ən müasir texnikalardan istifadə edir. Belə ki, təsərrüfatlarda istifadə olunan “Mzuri” texnikası ilk dəfə olaraq “Azərşəkər” MMC-nin Ceyrançöl ərazisində yerləşən aqroparkında təkrar qarğıdalı və soya əkini zamanı istifadə edilib.
Bu texnikanın üstün cəhəti 4 prosesi (dərin yumşaltma, dərinlik boyu gübrə emalı, müxtəlif çeşidli toxumların dəqiq səpini və bərkidici çarxlarla toxumların üzlərinin basdırılması) eyni anda görməsidir. Sözügedən texnikanın istifadəsində məqsədi su ehtiyatlarına qənaət edilməsi, torpağın münbit qatının qorunub saxlanması və havaya buraxılan zəhərli qazların təsirinin aradan qaldırılmasıdır.
Eyni zamanda, ötən il ölkəmizdə ilk dəfə olaraq “Azərşəkər” MMC-nin Ceyrançöl təsərrüfatında şəkər çuğundurunun yığılmasında “Ropa Maus” texnikasından da istifadə edilməsinə başlanılıb. Bu texnikanın tətbiqi yığım sürətinin 2 dəfə artırılmasına və vaxta qənaət edilməsinə gətirib çıxarıb. “Ropa Maus” texnikası saatda təxminən 400 tona yaxın məhsul yığmaq gücünə malikdir.
"Azərşəkər" MMC-dən bildirilir ki, hədəfimiz dünyada mövcud qabaqcıl texnologiyanı uğurla tətbiq edərək, yüksək effektivli idarəetməyə malik aqroholdinq kimi fəaliyyət göstərməkdir. Gələcəkdə pivotaltı və sprinkler sahələri daxil 2000 ha ərazinin əkilməsini planlaşdırırıq. Belə ki, 2023-cü ildə pivot altı sahələrin 322.6 hektarında buğda, 341.8 hektarında arpa, 88.6 hektarında soya, 228.3 hektarında qarğıdalı, 421.6 hektarında isə şəkər çuğunduru əkilməsi nəzərdə tutulub.
Azərşəkər olaraq anlayırıq ki, bu yolla ölkəmizin iqtisadi inkişafının dayanıqlığına, iqtisadi müstəqilliyinə töhfə vermiş olacağıq.