𝐎𝐧𝐥𝐚𝐫 𝐞𝐭𝐢𝐫𝐚𝐟 𝐞𝐝𝐢𝐫𝐝𝐢𝐥ə𝐫 𝐤𝐢, 𝐲𝐞𝐫𝐥𝐢 ə𝐡𝐚𝐥𝐢𝐧𝐢𝐧 𝐨̈𝐳 𝐤𝐞𝐜̧𝐦𝐢𝐬̧𝐢𝐧ə 𝐨 𝐪ə𝐝ə𝐫 𝐛𝐚𝐠̆𝐥ı 𝐢𝐝𝐢𝐥ə𝐫 𝐛𝐢𝐫𝐢𝐧𝐜𝐢 𝐢𝐬̧𝐥ə𝐫𝐢 𝐬̧ə𝐡ə𝐫𝐢𝐧 𝐚𝐝ı𝐧ı 𝐨̈𝐳𝐮̈𝐧ə 𝐪𝐚𝐲𝐭𝐚𝐫𝐦𝐚𝐪 𝐨𝐥𝐝𝐮.
27 yanvar 2023 | 09:50
Azərbaycanın qədim, çoxəsrlik tarixə malik olan şəhərlərindən biri də Şəmkirdir.
Böyük İpək Yolu üzərində, müsəlman və qərb sivilizasiyasının təmas məkanında yerləşməsi onun zaman-zaman tarixi hadisələrin burulğanında fəal iştirakı olmasını şərtləndirmişdir. Ərəb fəthlərindən bəhs edən tarixçilər Şəmkirin hələ VII əsrin I yarısında Azərbaycanda mühüm şəhərlərdən biri olduğunu bildirirlər. IX-X əsrlərdə yüksəliş, XII əsrdə çiçəklənmə çağını keçirən bu şəhər XIII əsrin 30-cu illərində monqol işğalçıları tərəfindən inadlı müqavimətə görə dağıdılmış, əhalisi qılıncdan keçirilmişdir.
Orta əsr yazarları, yeni dövrün səyyah və alimləri Şəmkir şəhərindən bəhs edərkən, ilk növbədə, məftunluqla buradakı minarə-qüllə haqqında söhbət açmışlar. Bu, Arran memarlıq məktəbinin şah əsərlərindən hesab olunur.
Şəmkir toponiminin mənası haqqında müxtəlif mülahizələr mövcuddur. Azərbaycan tarixçisi A.Bakıxanov Şəmkirin yaranmasını və etimologiyasını Təbəristan hökmdarı Şəmkir bin - Ziyadın adı ilə bağlı olmasını qeyd edərək,bu sülalənin altı hökmdarının 150 il müddətində İranın, o cümlədən Cənubi Qafqazın bir çox əyalətlərini fəth etdiyini, bu sülalənin ikinci hökmdarı olan və 935-967-ci illərdə şahlıq etmiş Şəmkir bin-Ziyadın Gəncə yaxınlığında şəhər saldırdığını və onu öz adı ilə adlandırdığı haqqında məlumat verir. Əslində bu mülahizə tarixi faktlarla uyğun gəlmir.
Belə ki, qədim mənbələrin hamısında Şəmkirin adına X əsrdən xeyli əvvəlki dövrlərə aid mənbələrin hamısında rast gəlinir. Görünür A.Bakıxanov adların zahiri oxşarlığına əsaslanaraq belə bir nəticəyə gəlmişdir. Çünki əsərlərində VII əsr hadisələrini əks etdirən Ərəb müəllifləri Əl-Bəlazuri, İbn-əl-Fəqih və digərləri Şəmkür şəhərinin adını çəkmiş və onu qədim şəhər kimi xarakterizə etmişlər. Bütün bunlar göstərir ki, Şəmkir VII əsrdən əvvəl mövcud olmuşdur. Orta əsr ərəb və fars mənbələrində Şamkür, türk mənbələrində isə Şəmkür, Şəmkir kimi göstərilmişdir.
1924-cü ildə İstanbulda “Muxtəsər Azərbaycan tarixi” kitabını çap etdirən C.Zeynaloğlu bu adı aşağıdakı kimi izah etmişdir: “Şəmkir - Şəms-günəş və kir-tapınan mənasındadır, günəşə tapınanlar yurdu deməkdir”.
Dilçi alim Cahangirov isə bu adı Şəmkür, yəni Kürqırağı kimi izah etmişdir.
Orta əsr mənbələrində Şəmkir adına ilk dəfə “Albaniya tarixi”ndə rast gəlinir. Hələ 588-ci ildə sabir tayfalarının böyük bir qismi Cənubi Qafqaza köç etmiş, Sasani hökmdarı Xosrov Ənuşirəvan onları Kür çayının sol sahilində, Şəmkirlə Ağstafa arasında yerləşdirmişdir.
Şəmkir şəhəri Kiçik Qafqazın şimal-şərq yamacında – Gəncə-Qazax düzənliyində yerləşir.Şəmkir bölgəsinin əverişli təbii-coğrafi şəraiti bu ərazidə insanların çox erkən məskunlaşmasını şərtləndirmiş, hələ eneolit dövründə bölgədə erkən əkinçi-maldar qəbilələr yurd salmış, burada tunc və dəmir dövrlərində, eləcə də sonrakı dövrlərdə intensiv həyat olmuşdur. Bütün bunlar bölgənin çoxsaylı müxtəlif tipli arxeoloji abidələrində öz əksini tapmışdır. Belə abidələr sırasında eneolit dövrünə aid Keçili yaşayış yerini, tunc dövrünün müxtəlif mərhələlərinə aid qəbir abidələri (Osmanbozu, Qaracəmirli kurqanları), son tunc dövrünə aid Bitdili yaşayış yerini, alban dövrünə aid Alıqoca, II Keçili, Qanlıtəpə, Həsəntəpə, Tülkütəpə, Sarıtəpə, Saqqızlı, Üzümlütəpə yaşayış yerlərini, Bitdili və Daşbulaq qəbirlərini misal göstərmək olar.
Araşdırmalar göstərir ki, Şəmkir şəhəri Kür çayının sağ qolu olan Şəmkir çayının sahilində, çaydan 120 m aralıda salınmışdır. Şəhər qala yerinin sahəsi 28 ha olmuşdur. Şəhər qala yeri çayın sağ sahilində iki körpü vasitəsi ilə birləşdirilmişdir. Bu körpünün qalıqları da dövrümüzə qədər qalmaqdadır. Buradan tapılmış maddi-mədəniyyət abidələri və yazılı qaynaqlar qədim dövrdə və orta əsrlərdə Şəmkir ərazisində şəhər mədəniyyətinin formalaşdığını da sübut edir.
Orta əsr Avropa və Şərq səyyahlarının qeydlərində Şəmkirin zəngin mədəniyyəti, təsərrüfatı və sənətkarlığı haqqında qiymətli məlumatlar verilmişdir. Həmin səyyahlar Arran şəhərindən danışarkən Şəmkirin də adını çəkmiş, onun təsvirini vermiş və şəhərin abad olduğunu göstərmişlər. Şəmkir şəhərinin tarixi müstəqillik dövründə ilk dəfə olaraq kompleks şəkildə tədqiq edilmiş, nəticədə Şəmkirin Azərbaycan tarixində oynadığı tarixi rol, tutduğu yer müəyyən edilmişdir. Beləliklə, maddi və yazılı mənbələr Şəmkir şəhər yerinin qədim yaşayış məskəni olduğunu, erkən orta əsrlərin əvvəllərində şəhər kimi meydana gəldiyini, onun hərbi-inzibati və iqtisadi mərkəzə çevrildiyini bir daha təsdiq edir.
Şəmkir şəhərinin yüksəlişinə ərəblərə qarşı çıxış edən savartilərin (siyavudilər) üsyanı mane olmuşdu. Onlar 752-ci ildə Şəmkiri dağıtmışdılar. Görünür ərəblər şəhərin strateji əhəmiyyətini yüksək qiymətləndirərək onun bərpasına xüsusi fikir verirdilər. Əslən türk olan sərkərdə Buğa-Əl-Kəbr 854-cü ildə şəhəri azad edib, onu bərpa etdirdi və şəhəri Abbasi xəlifəsi Mütəfəkkiliyyənin şərəfinə 𝐌𝐮̈𝐭ə𝐟ə𝐤𝐤𝐢𝐥𝐢𝐲𝐲ə adlandırdı. Ərəb tarixçələrinin də etiraf etdiyi kimi şəhərin adı sonralar özünə qaytarılmışdı. Bu, yerli əhalinin öz keçmişinə bağlılığı ilə, digər tərəfdən Azərbaycanda Ərəb xilafəti hakimiyyətinin zəifləməsi və müstəqil dövlətlərin meydana gəlməsi ilə əlaqələndirilir.
Xilafətin zəifləməsi nəticəsində ıx-xı əsrlərdə Azərbaycanda başlanan siyasi və mədəni oyanış, müstəqil dövlətlərin yaranması Şəmkir şəhərinin də yüksəlişinə təkan verdi. Ümumiyyətlə Şəmkir haqqında yazan bütün tədqiqatçıların yekdil fikri belədir ki, şəhərin çiçəklənmə dövrü IX -XI əsrlərə təsadüf edir. Bu dövrdə Şəmkir əvvəlcə Sacilərin (879-941), Salarilərin (941-981), sonra isə Şəddadilər (971-1088) dövlətinin tərkibinə daxil olmuşdur. Sacilər dövlətinin varlığı ərzində Şəmkir şəhəri əvvəlki şöhrətini saxlamış, ticarət və sənətkarlıq mərkəzi kimi inkişaf etmişdir. Həmin dövrdə Şəmkir şəhərində zərbxana da var idi. Ölkədə yaranmış nisbi sabitlik Şəmkirdə iqtisadi həyatın canlanmasına səbəb olmuşdur. Sacilər sülaləsinin süqutundan sonra Arranın idarəsi Salarilərin əlinə keçdi və Şəmkir şəhəri də Salarilərin hakimiyyəti altına düşdü. Tezliklə şəhər, onun ətrafı Şəddadilər sülaləsinin hakimiyyəti altına düşdü.
Mənbələrə əsasən Şəmkir şəhərini Salarilərdən Şəddadi hökmdarı Ləşgəri alıb öz dövlətinin tərkibinə birləşdirmişdi. Şəmkirin tutulması Şəddadilər üçün çox vacib hadisə idi. Çünki Azərbaycanın qərb torpaqlarını daim təhlükədə saxlayan xristian blokuna qarşı Şəmkir əsl səngərə və qalaya çevrilmişdi.
XI əsrdə Azərbaycana olan Səlcuq axınları nəticəsində Şəmkir də digər Azərbaycan şəhərləri kimi Səlcuqlar tərəfindən zəbt olunmuşdur. Səlcuqlar oğuz türkləri idilər. Səlcuq türklərinin axınları Azərbaycanın qərb torpaqlarını (Gəncə-Qazax) ələ keçirməyə çalışan erməni və gürcü feodallarının qəsbkarlıq planlarının puça çıxmasında, xalqımızın formalaşmasının başa çatmasında, Azərbaycan xalqının Cənubi Qafqazda əsas etnik-siyasi amilə çevrilməsində əhəmiyyətli rol oynadı.
XII əsrdə Eldənizlərin (1136-1225) hakimiyyəti dövründə Şəmkirin tərəqqisinə xüsusi diqqət yetirilirdi. Bu dövrdə gürcülərin Azərbaycan torpaqlarına qarşı təcavüzkarlıq planları genişlənmiş, Atabəylərə qarşı gürcü-şirvan ittifaqı yaranmışdı. 1194-cü ildə Şəmkir yaxınlığında baş vermiş döyüşdə Atabəy hökmdarı Əbu-Bəkr qardaşı Əmir Əmiran Ömərin və gürcülərin birləşmiş qoşunları tərəfindən məğlubiyyətə uğradıldı, Şəmkir şəhəri və ətrafındakı qalalar Əmir Əmiran Ömərin ixtiyarına keçdi. Onun ölümündən sonra 1195-ci ildə Şəmkir yaxınlığında baş vermiş döyüşdə Şirvanşahlar Atabəy Əbu Bəkri məğlub etdilər və bu hadisədən sonra Şirvanşahlar dövlətinin ərazisi qərbdə Gəncə, Şəmkir, Qax, Zaqatala və Şəkiyə qədər uzandı. Atabəylərin süqutundan sonra Azərbaycanın digər torpaqları kimi Şəmkir də Xarəzmşah Cəlaləddinin hakimiyyəti altına düşdü. Lakin Cəlaləddinin Azərbaycanda ağalığı uzun sürmədi. XII əsrin sonu XIII əsrin əvvəllərində siyasi pərakəndəliyin güclənməsi, Azərbaycan Atabəylər dövlətinin zəifləməsi ilə artmış xarici hücumlar, xüsusilə Gürcü hökmdarlarının və Xarəzmşah qoşunlarının basqınları adi hala çevrilmişdi. Həmin dövrdə azərbaycanda alınmazlığı ilə fərqlənmiş, xarici hücumların dəf olunmasında böyük rol oynamış bir çox qalalar var idi ki, onlardan biri də məhz Şəmkir qalası idi. Mənbələr və tədqiqat əsərləri siyasi pərakəndəlik dövründə belə Şəmkir şəhərinin mühüm bir şəhər olduğunu, onun sənətkarlıq və ticarət mərkəzi kimi fəaliyyət göstərdiyini təsdiq edir.
XIII əsrdə monqol işğalları ilə Azərbaycan tarixində yeni bir dövr başlandı.