Düyərli kəndində keçirilən səyyar qəbul-görüş
08 dekabr 2023 | 15:50
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev vətəndaşları narahat edən problemləri yerindəcə öyrənmək məqsədilə bu dəfə Düyərli kəndində sakinlərimizlə görüşüb.
Rəşad Tağıyev əvvəlcə Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq Şəmkir rayonunda görülən geniş abadlıq-quruculuq işləri və həyata keçirilən irimiqyaslı sosial infrastruktur layihələri barədə də məlumat verib.
İcra başçısı bildirib ki, cari ildə rayonumuzda görülən infrastruktur layihələrindən biri də məhz Düyərli kəndini əhatə edir: “Artıq Düyərli kəndinin də elektrik şəbəkəsinin yenilənməsi işlərinə start verilib, yaxın günlərdə kabelləşmə işləri aparılacaq, köhnə elektrik naqilləri SİP kabelləri ilə əvəz olunacaq. Bütün bu tədbirlər əhalinin rahatlığının təminatına və güzəranının yaxşılaşdırılmasına xidmət edir və görülən bu məqsədyönlü işlər davamlı olacaq”.
Daha sonra vətəndaşların müraciətləri, istək və təklifləri dinlənilib, sakinlərlə kəndin ümumi problemləri müzakirə olunub.
Səyyar qəbulda sakinlərin səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə müvafiq qaydada araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Sakinlərlə ümumi görüşdən sonra icra başçısı fərdi müraciət etmək istəyənləri qəbul edib.