Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Şəmkir şəhərində qəbul keçirib.
17 iyul 2023 | 10:19
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə müvafiq olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Şəmkir və Gədəbəy rayonlarından olan sakinləri qəbul edib.
Vətəndaşlarla görüş Şəmkir şəhərində baş tutub.
Qəbuldan öncə Komitə sədri və Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyularaq Ulu Öndərin əziz xatirəsi hörmət və ehtiramla anıblar.
Qəbul zamanı vətəndaşların əsasən qeyri-yaşayış obyektlərinin layihələndirilməsi və tikintisinə dair normativlər, tikintiyə və istismara icazə icraatlarının prosedurları barədə sualları cavablandırılıb. Həmçinin, Komitənin fəaliyyət dairəsinə aid digər müraciətlər qeydiyyata alınıb, diqqətlə araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün lazımi tapşırıqlar verilib.