Dövlət Gömrük Komitəsinin sədri Şəmkir şəhərində vətəndaşları qəbul edib
26 yanvar 2024 | 14:37
Yanvarın 25-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edib.
DGK sədri və Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev qəbuldan öncə Şəmkir şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Şəmkir və Gədəbəy rayon sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.
Qəbul zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.