"Dövlət başçımızın siyasətinin prioritet istiqamətləridən biri əhalinin rifah halının yaxşılaşdırılmasıdır" - Çənlibeldə səyyar qəbul
15 dekabr 2023 | 15:28
Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq sakinlərimizi narahat edən problemləri yerindəcə öyrənmək məqsədilə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısının kənd və qəsəbəlrimizdə keçirilən səyyar qəbulları davam edir.
İcra başçısı bu dəfə qəbul qrafikinə uyğun olaraq dağ kəndlərimizdən olan Çənlibeldə sakinlərimizlə görüşüb, onlarla kəndin ümumi problemlərini müzakirə edib.
Rəşad Tağıyev əvvəlcə Şəmkir rayonunda görülən geniş abadlıq-quruculuq işləri və həyata keçirilən irimiqyaslı sosial infrastruktur layihələr barədə sakinlərə ətraflı məlumat verib.
İcra başçısı bildirib ki, prezident cənab İlham Əliyevin iqtisadi siyasətinin prioritet istiqamətlərindən biri regionlarda əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin maddi rifah halının yaxşılaşdırılmasıdır: “Regionların inkişafına yönəlmiş bu istiqamət sayəsində bu gün Şəmkir rayonu sürətli və geniş quruculuq yolundadır. Rayonumuzda əksər sahələrin fəaliyyətində böyük canlanma müşahidə olunmaqdadır. Şəmkirin bugünkü yeniləşmə və yüksəliş yoluna çıxmasının təməlində hər şeydən əvvəl iqtisadi sahədə qazanılan nailiyyətlər dayanır”.
Daha sonra vətəndaşların müraciətləri, istək və təklifləri dinlənilib, kəndin ümumi problemləri müzakirə olunub.
Sakinlərimizin səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə müvafiq qaydada araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Sakinlərlə ümumi görüşdən sonra icra başçısı fərdi müraciət etmək istəyənləri qəbul edib.