Cari ildə Şəmkir rayonunda 1568 ton çörək istehsal olunub
13 sentyabr 2023 | 15:34
Şəmkirimizin münbit və bərəkətli torpağı, o cümlədən əvəzolunmaz, zəhmətkeş insan resursları ilin bütün fəsillərində əkin-biçinlə məşğul olmağa, yüksək məhsuldarlıq əldə etməyə imkan verir. Məhz bunun nəticəsidir ki, rayonumuzda kənd təsərrüfatı ildən-ilə artan templə inkişaf edir..
Məlumat üçün bildiririk ki, 2022-ci ilin payızında 2023-cü ilin məhsulu üçün 14134 hektar sahədə payızlıq taxıl əkini aparılmışdır. Bu ilin yanvar-iyun aylarında isə 1619 hektar sahədə yazlıq taxıl səpilmişdir. Cari ilin yanvar-iyun ayları ərzində biçin aparılan 3225 ha taxıl sahəsinin hər hektarından 38,7 sentner olmaqla ümumilikdə 12477,5 ton məhsul yığılmışdır.
Sevindirici hal ondan ibarətdir ki, yığılan məhsulun bir qismi məhz doğma rayonumuzda yerləşən müəssisələrdə emal olunur. Belə ki, regionların sənaye potensialının gücləndirilməsi və sənayenin innovasiyalar əsasında inkişafının təmin edilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər çərçivəsində Şəmkir rayonunda müasir avadanlıqlarla təchiz olunmuş müəssisələrdə müxtəlif növ un, çörək məhsulları istehsal olunur.
İstehsal prosesində müasir texnologiyaların tətbiqinə əsaslanan bu müəssisələr istehlakçıları yüksək keyfiyyətli, müxtəlif çeşiddə un məhsulları təmin edirlər.
Rayonumuzda ən müasir avadanlıqlarla təchiz olunmuş və böyük istehsal gücünə malik olan çörək zavodunda 12 çeşiddə çörək, 10 çeşiddə isə şirniyyat istehsal olunur. Məhsullar əla növ buğda unundan hazırlanır və satış məntəqələrinə çatdırılır.
Qeyd olunanlar kənd təsərrüfatı ilə ərzaq məhsullarının istehsalı sahələri arasında dayanıqlı dəyər zəncirinin formalaşmasına zəmin yaradır.
Onu da bildirək ki, Şəmkir rayonunda fəaliyyət göstərən müəssisələrdə 2023-cü ilin yanvar-iyun aylarında ötən ilin müvafiq dövrünə nisbətdə 4,5 dəfə artıq olmaqla 1798 ton buğda və ya çovdarla qarışıq buğda unu istehsal olunmuşdur. Həmçinin rayonumuzun istehsal müəssisələrində 1568,7 ton çörək hazırlanmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 42,4 faiz çoxdur.