Bununla da Şəmkir rayonunun ərazisi tam olaraq internetlə təmin olunur
Bu gün Şəmkir rayonunda sosial-iqtisadi həyatın bütün sahələrində yeni texnologiyalar geniş tətbiq olunur.
Bu sahənin maddi-texniki bazasının gücləndirilməsi əhalinin informasiya-kommunikasiya texnologiyalarına çıxış imkanlarını yaxşılaşdırıb. Rayonun yaşayış məntəqələri mərhələli şəkildə fiber-optik xətt və sürətli internetlə təmin edilir.
Rabitə xətlərinin texniki normalara uyğunlaşdırılması, internet tutumlarının artırılması, yeni telefon çəkilişlərinin aparılması məqsədilə müvafiq tədbirlər həyata keçirilir.
Rabitə xidmətlərinin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində görülən işlər hazırda Şəmkir rayonunun bir neçə yaşayış məntəqəsini əhatə edir.
Cari ildə Yeni Göyçə, Varlı Həyat, Günəşli, Qaraqoyunlu, Dağ Cəyir, Aşağı Çaykənd, Yuxarı Çaykənd, Ağlavaşlı, Qaralar, Qılıncbəyli, Xuluf kəndlərində də işlər yekunlaşıb.
Görülən işlər çərçivəsində müxtəlif tutumlu mis kabellər istismardan çıxarılaraq kütləvi şəkildə müasir standartlara cavab verən fiber-optik kabellərlə əvəzlənir.
Ən qısa zamanda bu ərazilərdə də GPON (Gigabyte Passive Optical Network – Qiqabit tutumlu passiv optik şəbəkə) texnalogiyası vasitəsilə yeni istifadəçilər internet xəttinə qoşulacaqlar.
Qeyd edək ki, bundan öncə GPON fiber-optik layihəsi ilə 18 kənddə işlər yekunlaşıb və layihə artıq istifadəyə verilib.
2024-cü ilin sentyabr ayının məlumatına görə rayonda internetdən istifadə edən təsərrüfatların sayı 42 minə çatdırılmışdır.
Məlumat üçün bildirək ki, Şəmkir rayonunun internetə qoşulmamış cəmi 4 kəndi- Nərimanlı, İsgəndərli, Dağ Daşbulaq və Kamandar kəndləri qalıb ki, bu ərazilər də artıq layihələndirilib. Qeyd olunan ərazilərdə işlər yekunlaşdıqdan sonra rayon ərazisi 100 faiz internetlə təmin olunacaq.