"Bu qəhrəmanların göstərdikləri şücaət gələcək nəsillərə örnək olacaq"- Rəşad Tağıyev
44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə yüksəlmiş igid oğullarımızın yoxluğundan artıq 1 il ötür.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan Mərahim Abdullayev, Elvin Əliyev və Gəncə terrorunda həyatını itirən Çinarlı qəsəbə sakinləri Anar Əliyev və Nurçin Əliyevanın il ildönümündə məzarını ziyarət edib, ailələrinə baş çəkib.
Şəhid Mərahim Abdullayev və şəhid Elvin Əliyevin anım mərasimində çıxış edən icra başçısı bildirib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu: "Mərahim və Elvinin timsalında şəhid, qazi olan balalarımızın, Şanlı ordumuzun qətiyyətli mövqeyi, döyüş əzmi, millətimizin gücünü bütün dünyaya sübut etdi. Bu qəhrəmanlar adlarını tarixə qızıl hərflərlə yazdılar. Azərbaycan var olduqca onlar bu millətin qəlbində Zəfər Şəhidləri kimi qalacaq və xatırlanacaq.
Mərahim, Elvin kimi bütün şəhidlərimizin qəhrəmanlıqları gələcək nəsillərə örnək kimi göstəriləcək”.
İcra başçısı daha sonra erməni faşist hərbi birləşmələrinin oktyabrın 11-də və 17-də cəbhə bölgəsindən 80 kilometr məsafədə yerləşən Gəncə şəhərinin dinc sakinlərini qadağan olunmuş silahlardan atəşə tutması nəticəsində həlak olmuş Çinarlı qəsəbə sakinləri Anar Əliyev və Nurçin Əliyevanın məzarlarını ziyarət edib, ildönümü mərasimində ailəsi ilə görüşüb.
Rəşad Tağıyev bildirib ki, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə törədilmiş terror aktı Xocalı soyqırımından sonra Azərbaycan xalqına qarşı həyata keçirilən yeni bir dəhşətli faciədir. Erməni qəsbkarları Azərbaycan xalqını qorxutmaq üçün hər yola əl atdılar. Lakin məğrur millətimiz heç nədən çəkinmədi. Çünki şanlı ordumuz hər gün cəbhədə irəliləyərək düşmənə sarsıdıcı zərbələr vurur, düşmənin bütün cəhdlərinin qarşısını alırdı: “İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir”.