Bu dəfə rayonumuzun ən ucqar dağ kəndlərindən olan Daşbulaqda sakinlərlə görüş keçirildi
17 iyun 2022 | 12:39
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev Daşbulaq kəndində sakinlərlə səyyar qəbul keçirib.
RİH əməkdaşlarının, xidmət sahələrinin rəhbərləri və kənd ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi sakinlərlə görüşdə Rəşad Tağıyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə vətəndaşların rifahının yaxşılaşdırılması ilə bağlı aparılan islahatlardan, sosial-iqtisadi sahədə qazanılan uğurlardan danışıb.
İcra başçısı bildirib ki, dövlət başçısının sabaha hesablanmış məqsədyönlü siyasətinin nəticəsidir ki, ölkəmizdə qeyri-neft sektoru sürətlə inkişaf etmiş, bir sıra əhəmiyyətli sosial proqramlar reallaşdırılmışdır. Azərbaycanın iqtisadi qüdrətinin artması bölgələrimizin inkişafına da müsbət təsir göstərmişdir: "Belə ki, regionlarda, eyni zamanda Şəmkir rayonunda infrastruktur layihələri həyata keçirilmiş, yeni iş yerləri açılmış, əhalinin maddi rifahı yaxşılaşmışdır. Prezident İlham Əliyevin bölgələrə ardıcıl səfərlər etməsi, əhalinin problemləri ilə maraqlanması regionların sürətli inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir”.
Şəmkir rayonuna göstərilən xüsusi diqqət və qayğı, rayonumuzda aparılan tikinti-quruculuq işləri, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər haqqında sakinlərə məlumat verən icra başçısı bildirib ki, Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən bu tədbirlər və görülən işlər bundan sonra da davam etdiriləcək, vətəndaşlarımızı narahat edən ən kiçik problem belə diqqətdən kənarda qalmayacaq.
Daha sonra vətəndaşların müraciətləri, istək və təklifləri dinlənilib, sakinlərlə kəndin ümumi problemləri müzakirə olunub.
Səyyar qəbulda sakinlərin arzu və təklifləri həssaslıqla dinlənilib,
səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə müvafiq qaydada araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Sakinlərlə ümumi görüşdən sonra icra başçısı fərdi müraciət etmək istəyənləri qəbul edib.
Qeyd edək ki, RİH başçısının rayonun kənd və qəsəbələrində səyyar görüşləri davam edir və bütün yaşayış məntəqələrində sakinlərlə yerində görüş keçiriləcəkdir.