Bir sinfin bütün şagirdləri buraxılış imtahanında 200-dən yuxarı bal topladı, bir şagird isə Mançester Universitetinə qəbul oldu.
Şəmkir rayon Kimya və Biologiya Təmayüllü Liseyin 11-ci sinif şagirdləri yüksək nəticə əldə ediblər. Belə ki, 11ç sinifində təhsil alan 15 şagirdin hər biri buraxılış imtahanından 200 baldan yuxarı nəticə əldə edib. Sinfin ümumi orta balı isə 243-dür.
Liseyin 11-ci sinifində təhsil alan Hüseyn Quliyev isə dünyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan və qlobal universitetlər reytinqində ilk 35-likdə yer alan Mançester Universitetinin Kompüter elmləri ixtisasına qəbul olub.
Uğurlu nəticələr əldə edən bütün şagirdləri və müəllimləri təbrik edir, uğurlarının davamını arzulayırıq!
Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeçiliyində 2020–2021-ci tədris ilindən fəaliyyət göstərən Şəmkir rayon Kimya və Biologiya Təmayüllü Liseyin şagirdləri bu günə qədər respublika Fənn Olimpiadalarında ümumilikdə 10 medal, Respublika Fənn Müsabiqələrində 21 medal, “Sabahın alimləri” müsabiqəsində isə 3 gümüş medal əldə ediblər. Eyni zamanda STEAM və digər elmi yarışlarda da şagirdlər çoxsaylı nailiyyətlər qazanmışlar.
Kimya və Biologiya Təmayüllü Lisey qısa müddət ərzində qazandığı uğurlarla ölkənin qabaqcıl təhsil müəssisələrindən birinə çevrilmişdir.
Əlavə məlumat üçün qeyd edək ki, liseydə təhsil dövlət hesabına aparılır. Liseyə qəbul “müsabiqə” (test imtahanı) yolu ilə həyata keçirilir.






