Baş prokuror Şəmkir rayonunda vətəndaşları qəbul edib
07 iyun 2022 | 10:22
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılaraq, onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür.
İyunun 7-də Baş prokuror Kamran Əliyev Şəmkir rayon prokurorluğunun inzibati binasında Şəmkir, Gədəbəy və Daşkəsən rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl Baş prokuror Kamran Əliyev və Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.
Qəbulda iştirak edən 30 vətəndaşın müraciətində qaldırılan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Kamran Əliyev Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.
Qəbuldan sonra Baş prokuror Gədəbəy və Daşkəsən rayon, eləcə də Şəmkir hərbi prokurorluqlarına gedib, əməkdaşlarla görüşlər keçirməklə onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdıqlarını diqqətə çatdırıb.