Avropa çempionatında bürünc medal qazanan idmançımız Şəmkirdə coşqu ilə qarşılanıb
Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U17 Avropa çempionatında uğurlu çıxış edən sərbəst güləşçimiz Hakim Tağıyev Şəmkirdə coşqu ilə qarşılanıb.
Qarşılanma mərasimində Şəmkir Rayon İcra Hakimiyyətinin, Şəmkir şəhər bələdiyyəsinin nümayəndələri, Şəmkir rayonu üzrə gənclər və idman sektoru və Şəmkir Uşaq Gənclər İdman Məktəbinin rəhbər heyəti, yerli idmançılar iştirak ediblər.
Bildirilib ki, Azərbaycan idmançıları yarışlarda uğurla iştirak etdilər. Milli komandamızın heyətində olan gənc idmançımızın qazandığı uğur da Şəmkir üçün çox önəmli bir hadisədir. Hakimin bu qələbəsi yerli idmançılarımızı gələcəkdə daha böyük nailiyyətlər əldə etməyə ruhlandıracaq.
Qeyd olunub ki, bu gün Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandığı medallar, uğurlar Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının nümunəsidir.
Qeyd edək ki, Şəmkir Uşaq Gənclər İdman Məktəbinin sərbəst güləş üzrə məşqçi-müəllimi Rakif Məmmədovun yetirməsi olan Hakim Tağıyev ölkəmizi 110 kq çəki dərəcəsində təmsil edib. İdmançımız bürünc medal uğrunda macarıstanlı Qyoerqi Juhasa 2:0 hesabıyla qalib gələrək U17 Avropa çempionatını 3-cü yerdə başa vurub.