Şriftin ölçüsü :

Saytın rəngi :

Ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan Şəmkir gəncləri ilə görüş keçirildi

12 sentyabr 2023 | 09:02
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev qəbul imtahanlarında yüksək bal toplayaraq ali məktəblərə qəbul olmuş rayon gəncləri ilə görüş keçirilib.
Şəmkir Heydər Əliyev Mərkəzində keçirilən görüşdə icra başçısı qəbul imtahanlarında yüksək nəticələr göstərən abituriyentləri təbrik edib, onların bu uğurlarında pay sahibi olan valideynlərinə və müəllimlərinə minnətdarlığını bildirib.
Rəşad Tağıyev Ulu öndər Heydər Əliyevin ölkəmizdə təhsilə verdiyi önəmdən danışıb. Bildirib ki, təhsilin inkişafı bu gün Prezident cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib: “Gənclərin təhsilli və savadlı yetişməsi, keyfiyyətli təhsilin gənclər üçün əlçatan olması, istedadlı və sosial müdafiəyə ehtiyacı olan gənclərin dəstəklənməsi istiqamətində çoxsaylı imkanlar yaradılmışdır”.
Qazax – Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev də çıxışında ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıdan danışıb, rayonda təhsilin inkişafı üçün görülən işlər haqqında məlumat verib.
Ali məktəblərə yüksək bal toplayaraq tələbə adını qazanan məzunlar isə çıxışlarında bundan sonra da daha fəal çalışaraq ölkəmizə layiqli vətəndaş kimi yetişəcəklərinə, Azərbaycanın, Şəmkirin adını hər zaman uca tutacaqlarına söz veriblər.
Müəllimlər və valideynlər isə göstərilən diqqətə görə ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev tələbə adını qazanan gənclərin milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər, savadlı gənclər olaraq ölkəmizin, o cümlədən Şəmkir rayonunun sosial-iqtisadi və mədəni həyatında aktiv iştirak etmələrini arzulayıb, onlara RİH adından Fəxri Fərman və hədiyyələr təqdim edib.
Keçidlər