NƏRİMANLI GƏNCLƏRİNİN İCRA BAŞÇISINDAN İSTƏYİ NƏ OLDU?
Bu gün Şəmkir rayonunda ənənəvi hal alan, rayon İcra Hakimiyyəti başçısının keçirdiyi səyyar qəbul və görüşlər sakinlərin qaldırdıqları problemlərin həllini tezləşdirməklə əhali tərəfindən razılıqla qarşılanır.
Çünki ölkə Prezidenti Cənab İlham Əliyevin tapşırıqlarına əsasən bü gün Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşların rahatlığının təmin olunması ən vacib məsələlərdən hesab olunur.
Bu məqsədlə rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədov sakinlərlə tez-tez səyyar görüşlər keçirir.
Bu səyyari görüşləri sakinlər üçün önəmli edən isə vətəndaş qəbullarının gediş-gəlişi çətin olan ucqar dağ kəndlərində keçirilməsidir.
Növbəti səyyar qəbul iyunun 27-də rayonun Nərimanlı kəndində keçirildi.
Nərimanlı kənd tam orta məktəbində baş tutan görüşdə rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovla yanaşı, İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirləri, məsul işçiləri, idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak edib.
Kənd sakinləri ilə növbəti görüşü giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov səyyar qəbulların məqsədinin, yerlərdə ortaya çıxan problemlərin öyrənilməsi və həlli istiqamətində addımların atılması olduğunu qeyd edib. Bu cür görüşlərin ölkə başçısı Cənab İlham Əliyevin tapşırığı ilə mütamadi keçirildiyini bildirən icra başçısı Prezident Cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssas münasibət göstərmək barədə tapşırıqlarının rayonda diqqət mərkəzində saxlanıldığını vurğulayıb.
RİH-nin başçısı Alimpaşa Məmmədov ötən müddət ərzində kənddə bir çox işlərin görüldüyünü, sakinlər tərəfindən qaldırılan problemlərin həlli istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırdı.
İcra başçısı qeyd edib ki, bütün bunlar Azərbaycan dövlətinin respublikamızın hər yerinə olduğu kimi, Şəmkir rayonuna göstərdiyi diqqət və qayğının əyani təzahürüdür.
Bu günə kimi sakinlər tərəfindən qaldırılan problemlərin anında həll olunduğunu vurğulayan kənd ağsaqqalları bütün bunlara görə öz təşəkkürünü bildirib və Nərimanlı kəndinə gələn yolun yenidən təmir olunması üçün köməklik göstərilməsini xahiş ediblər.
Səyyar görüş zamanı ucqar dağ kəndi olan Nərimanlının gəncləri isə icra başçısından kənddə internet sisteminin yaxşılaşdırılması üçün köməklik göstərilməsini xahiş ediblər.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov kənd ağsaqqallarının kəndə gələn yolun təmir edilməsi istəyinin və gənclərin internetlə bağlı qaldırdıqları məsələnin qısa zamanda həll olunması istiqamətində tapşırıqlar verib.
Sakinlərin onları narahat edən bu və ya digər məsələlərlə bağlı verdikləri sualları ətraflı cavablandıran Alimpaşa Məmmədov əhalinin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri xüsusi vurğuladı.