Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü Qarabağ müharibəsi veteranları ilə qeyd edildi

25 iyun 2018 | 16:00

Şəmkirdə 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü Qarabağ müharibəsi veteranları ilə qeyd edildi

İyunun 25-də Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qarabağ müharibəsi veteranlarının iştirakı ilə Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdən əvvəl Qarabağ müharibəsi veteranları Şəmkir şəhərinin mərkəzindən şəhidlər xiyabanına avtomobillərlə yürüş təşkil ediblər.
Daha sonra müharibə veteranlarının şərəfinə ziyafət verilib.

Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, hüquq mühafizə orqanları, aidiyyəti idarə, təşkilat, xidmət sahələrinin rəhbərləri, şəhər ağsaqqalları, Qarabağ müharibəsi veteranları iştirak ediblər.

Çıxış edən Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev bildirib ki, Prezident İlham Əliyev tərəfindən müharibə veteranları və şəhid ailələrinə göstərilən ehtiram və qayğı gündən-günə artırılır, onların həyat şəraitinin, güzəranının yaxşılaşdırılması üçün konkret tədbirlər görülür. Bu gün birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva tərəfindən də sosial yardıma ehtiyacı olan vətəndaşların, xüsusi ilə veteranların, Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin maddi, sosial, məişət problemlərinin həllinə böyük diqqət göstərilir.

Tədbirdə çıxış edən Qarabağ müharibəsi veteranları xalqımızın, o cümlədən Qarabağ savaşında iştirak etmiş döyüşçülərin qəlbində xoş və unudulmaz xatirələrlə yuva salmış ümummilli liderimiz Heydər Əliyevin Qarabağ veteranlarına göstərdiyi xüsusi diqqət və qayğıdan danışıblar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin veteranlara göstərdiyi qayğını daim hiss etdiklərini bildirərək, bundan sonra da dövlətimizə, millətimizə fayda verməyə çalışacaqlarını qeyd ediblər.

Veteranlar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə işğal olunmuş torpaqlarımızın azad edilməsinə hər zaman hazır olduqlarını bildirmiş və dövlətimizin başçısının siyasətini hər zaman dəstəklədiklərini xüsusi qeyd ediblər.

Keçidlər