"On il həll edilməyən işim bir günə həll edildi" - Daşbulaq kənd sakini
Son illər Şəmkirdə əhalinin gündəlik həyat səviyyəsini yüksəltmək, sakinlər üçün lazımi şərait yaratmaq rayon İcra Hakimiyyətinin fəaliyyətində əsas prioritetlərdən birinə çevrilmişdir. İstər müxtəlif kənd və qəsəbələrdə, istərsə də rayon mərkəzində keçirilən şifahi qəbul zamanı sakinlərin arzu və istəklərinə, qaldırdıqları problemlərə diqqətlə yanaşılır, onların həlli üçün qəti qərarlar qəbul edilir. Elə bunun nəticəsidir ki, rayonda şikayətlərin sayı azalıb. Bunu Şəmkir Rayin İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun bu gün keçirdiyi növbəti qəbul günü bir daha təsdiq etdi.
Rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədovun bu günki qəbulunda 84 nəfər rayon sakininin müraciəti dinlənilib.
Ən müxtəlif kateqoriyaları təmsil edən vətəndaşlar həmişə olduğu kimi qəbul gününə böyük inamla gəlmişdilər.
Vətəndaşlar tərəfindən edilmiş müraciətlərin əksəriyyəti su, torpaq, maddi yardım və sosial məişət məsələlərinə dair olub.
Müraciət edənlər arasında Daşbulaq kənd sakini Piriyev Fəzail Həbib oğlu sahibkarlıq üçün torpaq sənədlərinin bir gündə həll olunduğu üçün təşəkkür edib: " Sənədlərimi almaq üçün on il əziyyət çəkdim. Amma siz Şəmkirə gələndən sonra bu məsələni bir günə həll etdiniz. Biz onda gördük ki, Cənab Prezident İlham Əliyevin sahibkarlıqla bağlı tapşırıqları rayonumuzda artıq düzgün icra olunur. Buna görə ölkə rəhbərimizə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya və sizə dərin təşəkkürümüzü bildiririk. Bu dəfə sizin qəbulunuza gəlməkdə məqsədim qaz sayğacının qoyulması ilə bağlı mənə köməklik göstərəsiniz ”.
Dinlənilmiş çoxsaylı müraciətlərin bir qismi yerində həllini tapmış, digər müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülmüş və qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə və məsul şəxslərə müvafiq tapşırıqlar verilmişdir.
İcra Başçısının qəbuluna gələnlər təkcə problemlərdən danışmadılar.
Şəhərdə aparılan genişmiqyaslı quruculuq işlərindən, genişləndirilən küçələrdən fərəhlə söz açdılar. Eyni zamanda qaldırdıqları problemin həlli üçün təşəkkür etdilər.
Şəmkir və şəmkirlilərə göstərdiyi dəstək və qayğıya görə ölkə rəhbəri İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədova minnətdarlıq ediblər. Arzu və istəkləri reallaşdıran daha bir qəbul günü çoxlarının həyatına uğurlu tarix kimi yazıldı.
Onu da qeyd edək ki, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının sifahi qəbulundan başqa, rayon İcra Hakimiyyətinin rəsmi “facebook” səhifəsi, müntəzəm olaraq yenilənən www.shamkir-ih.gov.az internet saytı, mail@shamkir-ih.gov.az elektron poçt ünvanı, “Qaynar xətt” telefonu (5700) fasiləsiz fəaliyyət göstərir, yerlərdə quraşdırılan “Şikayət və təkliflər” səyyar poçt qutularından geniş istifadə edilir.