"Biz xalqın xidmətçiləriyik" - Alimpaşa Məmmədov
Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun sədrliyi ilə Rayon İcra Hakimiyyəti başçısı yanında şuranın iclası keçirilib.
Şəmkir Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən iclasda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, iştirak ediblər.
Əvvəlcə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov tərəfindən şuranın 15 nəfər üzvünü və gündəlikdə duran məsələlər iclas iştirakçılarının diqqətinə çatdırılıb.
Daha sonra Alimpaşa Məmmədov Prezident cənab İlham Əliyevin ölkəmizin şəhər və rayonlarının sosial-iqtisadi inkişafına dair təsdiq etdiyi müvafiq proqramlar, imzaladığı sərəncamlar, verdiyi tapşırıqların Şəmkir rayonunun da sürətli inkişafına, infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, sosial-mədəni obyektlərin yaradılmasına, bununla da, əhalinin rifah halının yaxşılaşdırılmasına, layiqli həyat tərzinin təmin olunmasına müstəsna töhfələr verdiyini, respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində görülən işlərin hazırda Şəmkirdə də uğurla davam etdirildiyini xüsusi vurğulayıb.
İcra başçısı bildirib ki, bu gün ölkəmizdə dövlət siyasətinin başlıca amili vətəndaşların maraqlarının müdafiə olunmasıdır: “Biz xalıqın xidmətçiləriyik. Çünki bu, cənab Prezidentin bizlərə başlıca tapşırığıdır. Ona görə də bütün işlərimizi vətəndaşların mənafeyinin qorunmasına yönəltməliyik, yönəldirik”
Daha sonra şura iclasının gündəliyi haqqında məlumat verən Alimpaşa Məmmədov bildirib ki, qarşıdan isti yay günləri gəlir və bu istiqamətdə rayonda fəaliyyət göstərən xidmət müəssisələri gücləndirilmiş iş rejminə keçməlidir: “ Əsasən də barama və şəkər çuğunduru istehsalı, taxıl biçimi və yay mövsümünün başlanması ilə əlaqədar əhalinin əkin və içməli su təchizatı, elektrik, qazla fasiləsiz təmin olunması, bu istiqamətlərdə sakinlərimizin rahatlığı qarşımızda duran başlıca məsələlərdəndir”.
Daha sonra Şəmkir Elektrik Şəbəkəsinin müdiri Vaqif Məmmədov, Şəmkir Suvarma sistemləri idarəsinin rəisi Sahib Quliyev, Şəmkir Su Kanal İdarəsinin rəisi Aslanalı Hüseynov, Şəmkir Rayon Kənd Təsərrüfatı idarəsinin rəisi Kamil Yusifov, Şəmkir Regional Qaz İstismar İdarəsinin əməkdaşı Qənimət Səmədov məruzə ilə çıxış ediblər.