"Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi islahatlar tibb sahəsində də öz bəhrəsini verdi" - Alimpaşa Məmmədov
7 iyun – Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü münasibəti ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasında tədbir keçirilib.
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, İcra başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri-başçının müavini Aynur Abdullayeva, Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş Həkimi Ayaz İbrahimov, tibb işçiləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ayaz İbrahimov şərəfli peşə sahiblərini tibb işçilərinin peşə bayramı günü münasibəti ilə təbrik edib.
Baş həkim çıxışında xüsusi vurğulayıb ki, bu peşə bayramı ulu öndər Heydər Əliyevin Azərbaycan səhiyyəsinə hədiyyəsidir. “Ümummilli liderin 2001-ci ildə imzaladığı Sərəncamla Tibb İşçiləri Gününün təsis etməsi onun həkimlik sənətinə münasibətini, tibb işçilərinin zəhmətinə yüksək dəyər verdiyini göstərir. İndi səhiyyəmizin hər ili, hər ayı irəliləyişlə, yeni-yeni uğurlarla yadda qalır”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ölkəmizin səhiyyə sistemi gündən-günə inkişaf edir, paytaxtda və bölgələrdə müxtəlif tibb müəssisələrinin fəaliyyəti üçün maddi-texniki baza gücləndirilir.
Şəmkir səhiyyəsi haqqında da ətraflı məlumat verən baş həkim Ayaz İbrahimov bildirib ki, bü gün Şəmkir Mərkəzi Xəstəxanasına tək yerli sakinlər deyil, ətraf rayonlardan da müraciətlər çoxalıb.
Tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov tibb işçilərini peşə bayramı, 15 İyun – Azərbaycan Xalqının Milli Qurtuluş Günü və müqəddəs Ramazan bayramları münasibəti ilə təbrik edərək bildirib ki, Azərbaycan səhiyyəsinin inkişafı Ulu Öndər Heydər Əliyevlə bağlıdır. Ölkə rəhbərliyinə qayıdışından dərhal sonra onun həyata keçirməyə başladığı islahatlar tibb sahəsində də öz bəhrəsini verdi. Ölkəmizdə çoxlu tibb müəssisələri, xəstəxanalar tikilib əhalinin istifadəsinə verildi, bir çox mütəxəssislər xaricə göndərilərək öz peşə və bacarıqlarının inkişaf etdirib vətənə qayıtdılar.
Rayon icra hakimiyyəti başçısı Ulu Öndərin başladığı bu siyasi kursun bu gün də Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyev tərəfindən çox uğurla davam etdirildiyini qeyd edib.
İcra başçısı vurğulayıb ki, Cənab Prezident İlham Əliyevin sərəncamı ilə tikilən Şəmkir Rayon Mərkəzi Xəstəxanasının yeni binası da ölkə rəhbərimizin, onun xanımı, birinci vitse-prezident Mehriban Əliyevanın səhiyyəmizə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Sonda əhaliyə göstərdikləri tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində fəaliyyətinə görə Şəmkir Mərkəzi Xəstəxanasında çalışan bəzi tibb işçiləri Təşəkkürnamə ilə təltif edilib.