Uşaq bağçası əsaslı təmirdən sonra körpələrin istifadəsinə verildi
Bu gün Şəmkir rayonunun Qaracəmirli kəndində yerləşən körpələr evi-uşaq bağçasının binası BP şirkətinin dəstəyi ilə əsaslı təmir və yenidənqurmadan sonra körpələrin istifadəsinə verilib.
Uşaq bağçasının açılışında Şəmkir Rayonİcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, BP şirkətinin Əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov yeni bağçanın açılışı münasibətilə kənd sakinlərini təbrik edərək bildirib ki, burada uşaqların təlim və tərbiyəsi ilə məşğul olmaq üçün hər cür şərait yaradılıb.
İcra başçısı qeyd edib ki, bu gün ölkə Prezidenti Cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın uşaqlara xüsusi diqqət göstərməsi ulu öndər Heydər Əliyev siyasətinin uğurlu davamı və məntiqi nəticəsidir.
BP şirkətinin Əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli isə çıxışında bildirib ki, gələcəyimiz olan uşaqların sağlam və xoşbəxt böyüməsi üçün bu gün dövlət tərəfindən bütün zəruri tədbirlər görülür. Bu cür layihələrin icra edilməsi, ümumilikdə, uşaqların sosial müdafiəsinin gücləndirilməsində, onların bilikli, savadlı və intellektual şəxsiyyət kimi formalaşmasında vacib rol oynayır.
Vitse-prezident belə layihələrin bundan sonra da davam edəcəyini bildirib. Bəxtiyar Aslanbəyli BP şirkətinin Şəmkir rayonu ilə əməkdaşlıqdan məmnun qaldığını da xüsusi vurğulayıb.
Tədbirdə çıxış edənlər digər natiqlər də ölkə rəhbərinə regionlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Əsaslı təmir olunan, müasir tələblərə cavab verən bu binada uşaqların təlim-tərbiyəsi, ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması üçün hər cür şərait yaradılıb, otaqlar bütün zəruri ləvazimat və təlim avadanlıqları ilə təchiz olunub.
Sonda RİH-nin başçısı Alimpaşa Məmmədov, BP şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli və qonaqlar uşaqlar üçün yaradılmış şəraitlə tanış olublar.