"Şəmkir konfransı həmin tarixin Azərbaycan xalqı üçün nə qədər dəyərli olduğunu bir daha göstərdi" - Orhan İşık
“Şəmkir konfransı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirilən ən möhtəşəm tədbirlərdən biridir. Konfrans bizi həm keçmişə apardı, həm bu günü yaşatdı, həm də gələcəyə ümidlə baxmağın vacibliyini anlatdı”.
Bu sözləri bu gün “Azərbaycan Xalq Cümhuriyyəti”nin 100 illiyinə həsr olunmuş Elmi-praktiki konfransdan sonra müsahibə verən Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki baş konsulu Orhan İşık deyib.
Baş konsul bildirib ki, Türkiyə və Azərbaycan xalqları hər zaman bir-birinin yanında olublar: “ Çox şadam ki, belə bir möhtəşəm tədbirdə iştirak edirəm. Konfransda danışlınlar, tarixi faktlar və nümayiş olunan görüntülər bizə həmin tarixin Azərbaycan xalqı üçün nə qədər dəyərli olduğunu göstərdi. Belə gözəl günlərdə Azərbaycanın yanında olmaqdan qürur hissi duyuruq. Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikasının dostluğu, qardaşlığı tarixi ənənələrə dayanır”.
Müsahibəsində baş konsul onu da qeyd edib ki, müsəlman və türk dünyasının ilk parlament tipli respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti 23 ay yaşamasına baxmayaraq, dünya demokratik dövlətçilik tarixinə böyük töhfələr verib.
Orhan İşık Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibəti ilə təbriklərini çatdıraraq Azərbaycanın bütün sahələrdə qazandığı uğurların Türkiyə üçün də qürur mənbəyi olduğunu vurğulayıb.