Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə Əhməd Cavad və Mehmet Akif Ersoyun xatirə günü keçirilib

01 iyun 2018 | 16:00

Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşəbbüsü, Şəmkir Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Şəmkirdə VIII Beynəlxalq Şairlər Günü qeyd çərçivəsində Əhməd Cavad və Mehmet Akif Ersoyun xatirəsinə həsr edilmiş ədəbi-bədii görüş təşkil olunub.

Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Millət vəkilləri Sona Əliyeva, Qənirə Paşayeva da iştirak ediblər.

Tədbiri açan AYB-nin Mətbuat xidmətinin rəhbəri, “Şairlər günü” layihəsinin təsisçisi Xəyal Rza bu günün yaranma ideyasından danışıb. Bildirib ki, “Şairlər günü” ideyası ilk dəfə 8 il bundan qabaq Bakıda reallaşıb. Az müddətdə türk dünyasından olan yazarların da qoşulduğu layihə beynəlxalq status qazanıb. Ötən ildən başlayaraq “Şairlər günü” layihəsi respublikamızın regionlarında icra edilməyə başlanıb.

“Şairlər günü” layihəsinin əsas məqsədi türk dünyasının şair və yazıçılarını geniş ictimaiyyətə təbliğ etmək, həmçinin müasir yazarlar arasındakı ədəbi-mədəni və yaradıcılıq əlaqələrini daha da möhkəmləndirməkdir.

Tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov tədbirin Əhməd Cavadın yaradıcılığına həsr edildiyinə görə məmnunluğunu ifadə edib.

İLESAM-ın sədri Mehmet Nuri Parmaksız “Şairlər günü” layihəsinin əhəmiyyətindən söz açıb. Bildirilib ki, bu cür tədbirlərin keçirilməsi türk dünyasının yazarları arasındakı mənəvi bağlılığı gücləndirməklə, həm də eyni dövrdə yaşamış, yaxud həyat və yaradıcılıqlarında müxtəlif məhrumiyyətlərlə qarşılaşan yazarların əsərlərini müqayisə və təhlil etmək, eləcə də paralellər aparmaq baxımından dəyərlidir.

Daha sonra Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Türkiyə Elm və Ədəbiyyat Sahibləri Birliyi- “İLESAM” tərəfindən Türkiyə-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsində, mədəniyyət, incəsənət və ədəbiyyat sahəsində və Türk dünyası ədəbiyyatında önəmli xidmətlərinə görə mükafatlandırılıb.

Sonra çıxış edən tanınmış ədiblər və ziyalılar Əhməd Cavadın həyat və yardıcılığından danışıb, şairənin ədəbi-bədii irsini yüksək qiymətləndiriblər.
Tədbir şagirdlərin ifasında görkəmli şairin həyat və yaradıcılığına həsr edilmiş ədəbi-bədii kompozisiyanın nümayişi ilə sona çatıb.

Keçidlər