Şriftin ölçüsü :

Saytın rəngi :

“Vaxt var idi kəndimizə gələn yolda avtomobil görəndə sevinirdik" - Ahıska türkləri

30 may 2018 | 16:00

“Vaxt var idi kəndimizə gələn yolda avtomobil görəndə sevinirdik" - Ahıska türkləri

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun tez-tez rayonun müxtəlif qəsəbə və kəndlərində səyyar görüşləri keçirilir.
Rayon İcra Hakimiyyətinin başçısı insanları narahat edən problemləri yerindəcə öyrənmək məqsədilə Şəmkirin bütün kəndlərini qarış-qarış gəzir, insanlarla yaxın ünsiyyətdə olur.

Bu gün daha bir səyyar görüş keçirildi.

Rayonun İsgəndərli kəndində keçirilən görüşdə demək olar ki, bütün kənd sakinləri iştirak edirdi.

Problemlərini demək üçün yox…
Onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti Cənab İlham Əliyevə təşəkkür etmək üçün.

Əvvəlcə İsgəndərli sakinləri haqqında qısa məlumat verək. Bu kənddə yaşayanların hamsı ahıska türkləridir. Ahıska türkləri Azərbaycanda, Qazaxıstanda, Özbəkistanda, Qırğızıstanda, Rusiya Federasiyasında, Türkiyədə bəzən kompakt halda, digər yerlərdə dağınıq şəkildə yaşayan türk xalqlarından biridir. Tarixləri boyunca iki dəfə sürgünə məruz qalmış, dünyanın müxtəlif yerlərinə səpələnmişlər. Azərbaycan xalqı öz qucağını doğma soydaşlarına açmış, onları ölkəmizin müxtəlif bölgələrində o cümlədən Şəmkirdə yerləşdirmişdir.

İsgəndərlidə sakinləri ilə görüş zamanı Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov da bildirdi ki, bu əməksevər, mərd, doğru-dürüst, səmimi xalq tarixdə analoqu olmayan ağır sınaqlardan, əzablardan qəhrəmancasına çıxmış, əzilməmiş, bütün təhqirlərə sinə gərmiş, qırılmamış, sınmamış, yox olmamış, sadəcə cismani, fiziki varlıqlarını deyil, bütün mənəvi dünyalarını, ruhlarını, Türklüklərini qoruyub saxlaya bilmişlər: “Və bu gün siz Azərbaycanın, Şəmkirin bir parçasına çevrilmisiniz. Sizin bir şəmkirlidən heç bir fərqiniz yoxdur”.

Alimpaşa Məmmədov bildirib ki, Azərbaycan multikulturalizminin siyasi banisi ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərindən biri də multikulturalizmin ölkəmizdə inkişaf etdirilməsidir:” Bu siyasəti bu gün Prezident Cənab İlham Əliyev əzmlə davam etdirir. Prezident Cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan multikulturalizm siyasəti ölkə daxilində inteqrasiya proseslərini sürətləndirir”.

Görüş zamanı rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov respublikamızda və rayonumuzda aparılan bu günkü hərtərəfli inkişafdan danışdı. Qeyd etdi ki, respublikada həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə,o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur,uşaq bağçaları tikilir,sosial layihələr həyata keçirilir.

Ahıska türklərinin “Vətən” Cəmiyyətinin Şəmkir rayonu üzrə sədri, kənd ağsaqqalı İlyasov Mustafa Zinnur oğlu çıxış edərək bildirib ki, bu gün ahıska türkləri İsgəndərlidə rahat və təhlükəsiz şəraitdə yaşayırlar: “Vaxt var idi kəndimizə gələn yolda avtomobil görəndə sevinirdik ki, kəndimizə kimsə gəlir. Amma son zamanlarda dövlətimiz çox sağ olsun ki, artıq İsgəndərlidə həyat dirçəlib, insanlar qaynayıb-qarışır, kəndimizdə canlanma yaranıb. Bütün bunlar bizi çox sevindirir”.

Mustafa İlyasov bildirib ki, ahıska türkləri hər zaman Azərbaycan xalqının bir parçası kimi özünü hiss edib: “ Buna görə də ölkəmizin və Şəmkirmizin inkişafında əlimizdən gələni əsirgəməyəcəyik”.

Onlara göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirən kənd sakinləri, onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş ediblər.

Səmimi görüş üçün kənd sakinlərinə minnətdarlığını bildirən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə tapşırıqlar verib.

Keçidlər