Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə taxıl biçininə hazırlıq işləri başa çatıb

25 may 2018 | 16:00

Ölkəmizdə ərzaq təminatının daxili istehsal hesabına təmin olunması istiqamətində davamlı tədbirlər həyata keçirilməkdədir.

Vurğulamaq lazımdır ki, ölkənin etibarlı ərzaq təminatına nail olunmasında taxılçılıq strateji əhəmiyyət daşıyır. Belə ki, taxılçılıq əhalinin əsas ərzaq məhsulu sayılan çörəyə və digər un məmulatlarına tələbatını ödəməklə yanaşı, eyni zamanda, quşçuluq və maldarlıq üçün də yem bazası rolunu oynayır. Prezident İlham Əliyev ölkəmizdə taxıla olan tələbatın daxili istehsal hesabına ödənilməsinin hazırkı 65 faizdən yaxın perspektivdə 100 faizə çatdırılması ilə bağlı vəzifə qoyub. Qarşıya qoyulan strateji məqsədə çatmaq üçün torpaqlardan səmərəli şəkildə istifadə edilməsi əsas vəzifə kimi müəyyənləşdirilib. Qabaqcıl təcrübənin, intensiv metodların tətbiqi taxılçılıqda istehsalın genişlənməsinə müsbət təsir göstərən vacib amillərdir.

Bu gün taxılçılıq Şəmkir rayonunda aparıcı təsərrüfat sahələrindən hesab olunur. Bu sahənin inkişafı ilə bağlı dövlətin torpaq mülkiyyətçilərinə verdiyi əlavə subsidiyalar, aparılan meliorativ tədbirlər, yeni torpaq sahələrinin dövriyyə cəlb edilməsi rayonda taxılçılığın ildən-ilə inkişafına səbəb olub.

Ötən il rayonda 14 min 129 hektar taxıl sahəsindən 43 min 152 ton məhsul götürülüb ki, bunun da 16 min 233 tonu arpa, 26 min 822 tonu isə buğda olub.

Rayon taxılçıları cari ilin məhsulu üçün də möhkəm təməl yaradıblar. Torpaq mülkiyyətçiləri ötən ilin payızında 14 min 383 hektar taxıl əkiblər ki, bunun da 12 min 201 hektarı buğda, 2 min 188 hektarı isə arpa sahəsidir. Havaların təsərrüfat işləri üçün əlverişli keçməsindən istifadə edən taxılçılar bu il sahələrdə bol məhsul yetişdiriblər.

Yetişmiş məhsulu qısa müddətdə toplamaq üçün artıq rayonda biçinə hazırlıq işləri başa çatdırılıb. Sahələrə çıxarılacaq kombaynlar texniki baxışdan keçirilib, aşkar olunan nasazlıqlar aradan qaldırılıb. Həmçinin məhsul yığımı üçün lazım olan maşın mexanizmləri hazır vəziyyətə gətirilib.

Məhsulun yığılması, daşınması və saxlanması dövründə yanğın hadisələrinin baş verməməsi üçün də təsərrüfatlarda lazımi təhlükəsizlik tədbirləri görülüb, maarifləndirmə işi aparılıb, təsərrüfat rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Yaxın günlərdə rayonda biçin kampaniyasına start veriləcək.

Mütəxəssislərin dediyinə görə, bu il sahələrdən ötən ildəkindən daha çox məhsul götürmək mümkün olacaq.

Keçidlər