Şriftin ölçüsü :

Saytın rəngi :

"Cənab İlham Əliyevin Prezident seçilməsi xəbərini toy-bayramla qarşıladıq" - Dağ Cəyir ağsaqqalları

08 may 2018 | 16:00

"Cənab İlham Əliyevin Prezident seçilməsi xəbərini toy-bayramla qarşıladıq" - Dağ Cəyir ağsaqqalları

Azərbaycan xalqının xeyirxahı, bütün ölkəmizdə olduğu kimi Şəmkirdə də aparılan quruculuğun böyük himayədarı Prezident İlham Əliyevin 2014-cü il 13 iyun tarixli Sərəncamına uyğun olaraq 5 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən, ümumi uzunluğu 31,0 km olan Şəmkir rayonunun Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunun tikintisinə başlanıldı və 2018-ci ilin yayında istifadəyə verildi.

Cənab Prezidentin sərəncamı ilə salınan bu yolun istifadəsi həmin kəndlərdə əhalinin sayına da müsbət təsir göstərdi.

Bu gün isə insanları narahat edən problemləri yerindəcə öyrənmək məqsədilə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov bu kəndlərin ən ucqarı olan Dağ Cəyir sakinləri ilə səyyar görüş keçirdi.

Görüşdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov səmimi görüş üçün kənd sakinlərinə minnətdarlığını bildirdi, respublikamızda və rayonumuzda aparılan bu günkü hərtərəfli inkişafdan danışdı. Qeyd etdi ki, respublikada həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə,o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur,uşaq bağçaları tikilir,sosial layihələr həyata keçirilir.

İcra başçısı bildirib ki, hazırda Şəmkir Rayon Mərkəzi Xəstəxanasının, Azfarel Balıqçılıq təsərrüfatının tikintisində son tamamlama işləri aparılır. Özəl sahəyə xüsusi diqqət yetirilir, yeni-yeni istehsal və emal müəssisələri yaradılır. Rayonda kənd təsərrüfatı, xüsusilə istilikxanalar yüksək sürətlə inkişaf edir. Bu sahədən milyonlarla manat gəlir əldə olunur.

Görülən bütün bu işlər, həyata keçirilən tədbirlər sonda yalnız bir amala xidmət edir ki, bu da əhalimizin yaxşı yaşaması, insanlarımızın fəaliyyəti üçün iş yerlərinin yaradılması və onların sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşmasıdır.

Görüş zamanı rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Dağ Cəyir kənd əhalisinin problemlərini dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.

Tədbirdə kənd sakinləri çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə Ölkə rəhbəri cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.

Görüşdə çıxış edən kənd ağsaqqalları Cənab Prezident İlham Əliyevin sərəncəmaı ilə tikilən Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunun çəkilməsinin kəndləri üçün nə dərəcədə önəmli olduğundan danışıblar: “Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin rayonumuza diqqət ayırması bizi çox sevindirir. Biz hər zaman Prezidentimizin yanındayıq, onun bütün tapşırıqları biz sakinlər üçün əmirdir. Aprelin 11-də keçirilən Prezident seçkilərində bütün kənd sakinləri Möhtərəm Prezident İlham Əliyevə səs verdi. Cənab İlham Əliyevin yenidən ölkəmizə Prezident seçildiyi xəbərini isə toy-bayramla qarşıladıq. Məktəbimizin qarşısında şadlıq keçirdik. Biz İlham Əliyevi çox sevirik. Allah ona can sağlığı versin, başımızın üstündən əskik etməsin”.

 

 

Keçidlər