İcra başçısı görüş keçirib - Gənclik və gələcəyə baxış
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərovla görüş keçirib.
Əvvəlcə rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov qonaqları Şəmkirdə salamlamaqdan məmnun olduğunu bildirib.
Alimpaşa Məmmədov qeyd edib ki, əsası Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün ölkə başçısı tərəfindən uğurla davam etdirilir. Gənclər Fondu da bu siyasətin bir istiqaməti olaraq, öz işləri ilə adından söz etdirməyi bacarıb.
Alimpaşa Məmmədov 2016-cı il Gənclər Paytaxtı elan olunan Şəmkir rayonunda keçirilən tədbirlərdə də Gənclər Fondunun fəal iştirakı və dəstəyi üçün Fonda təşəkkürünü bildirib və onlara gələcək işlərində uğurlar arzu edib.
İcra başçısı qeyd edib ki, gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq üçün həyata keçirilən Dövlət Proqramının tətbiqi, idarəetmə orqanlarında gənc mütəxəssislərə üstünlük verilməsi ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin uğurlu nəticəsidir: “Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu inkişaf və tərəqqi siyasəti nəticəsində bu gün ölkəmiz yeni bir inkişaf dövrünə qədəm qoyub”.
Alimpaşa Məmmədov qeyd edib ki, bu gün hər bir Azərbaycan gənci ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində daim rəhbər tutmalı, Azərbaycan gəncliyinin lideri olan möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması üçün yumruğunu bir hədəfə vurmalıdır: "Şəmkir gəncliyinin də bu gün gələcəyə baxış istiqaməti də bu idealardan bəhrələnir".
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov da öz növbəsində Azərbaycanın gözəl rayonlarından olan Şəmkirdə olmaqdan məmnun olduğunu bildirib və səmimi qəbula görə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədova təşəkkür edib.
Fərid Cəfərov bildirib ki, Cənab Prezidentin gənclərə olan diqqət və qayğısının bariz nümunəsi kimi Azərbaycan Prezidenti Cənab İlham Əliyevin 19 dekabr 2011-ci il tarixli, 542 saylı fərmanı ilə Gənclər Fondu yaradılmışdır: “Gənclər Fondu yarandığı gündən gənclərə dəstək verir. Fond tərəfindən gənclərin ideyalarını, təkliflərini gerçəkləşdirə bilmələri üçün hər zaman şərait yaradılıb”.
Fərid Cəfərov onu da qeyd edib ki, bu gün ölkəmizdə hər bir gəncə dövlət tərəfindən diqqət və qayğı göstərilir: “Gənclər də onlar üçün yaradılan imkanlardan maksimum yararlanmalı, yeni təşəbbüslərlə çıxış etməlidirlər”.