Şriftin ölçüsü :

Saytın rəngi :

Son üç ayda Şəmkirdə 1494 yeni iş yeri yaradılıb

17 aprel 2018 | 16:00

Şəmkir rayonunda 2018-ci ilin üç ayının sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

Yığıncaqda rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, rayonun hüquq mühafizə orqanları, icra strukturlarının rəhbərləri və rayon ictimaiyyəti nümayəndələri iştirak ediblər.

Hesabat məruzəsi ilə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov əvvəlcə bütün Azərbaycan xalqını, xüsusilə də şəmkirliləri Cənab İlham Əliyevin növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edib.

Daha sonra icra başçısı Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü, ardıcıl və ölkə maraqlarını əsas götürən siyasətin nəticəsi kimi ölkəmizin son illərdə inkişafından danışmışdır.

Alimpaşa Məmmədov ümumilikdə ölkədə bütün sahələr üzrə müsbət artımın məntiqi nəticəsi kimi Şəmkir rayonunun sosial-iqtisadi həyatında da 2017-cı ildə olduğu kimi cari ilin üç ayı ərzində görülən işlərin yekunu olaraq bir sıra nəticələrin əldə olunduğunu bildirmişdir.

Prezident İlham Əliyevin məmur-vətəndaş münasibətlərinin normal tənzimlənməsi, bu məsələyə xüsusi diqqətin ayrılması ilə əlaqədar tapşırıqlarından irəli gələn vəzifə kimi Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müntəzəm olaraq vətəndaşlarla birbaşa görüşləri olmuş, o cümlədən yerlərdə səyyar qəbulları təşkil edilmiş, vətəndaşların müraciətləri, irad və təklifləri diqqətlə öyrənilərək onların icrası baxımından "Tədbirlər Planı" təsdiq olunmuş və aidiyyəti qurumlara göndərilərək tədbirlərin icrası nəzarətdə saxlanılması məruzədə xüsusi vurğulanmışdır.

Hesabat dövründə milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanması, inkişaf və təbliğ etdirilməsi, tarixi hadisələrin, əlamətdar günlərin qeyd edilməsi, rayonda fəaliyyət göstərən ictimai təşkilatlar, təhsil, səhiyyə və mədəniyyət müəssisələri, siyasi partiyalar və dini qurumlarla qarşılıqlı münasibətlərin qurulması, onların fəaliyyətinin koordinasiyası prioritet istiqamətlərdən olduğu məruzədə qeyd edilmişdir.

Hesabat iclasında qeyd olunub ki, Şəmkir təsərrüfatlarında 2018-ci ilin məhsulu üçün rayon üzrə 14 min 389 hektar sahəyə toxum səpilib. Taxıl əkini sahələri əvvəlki illə müqayisədə 260 hektar artıb.

Taxıl əkinlərinin 12 min 201 hektarını buğda, 2 min 188 hektarını isə arpa sahələri təşkil edir. Bundan başqa cari ildə 4 min hektar ərazidə kartof, 5151 hektar ərazidə tərəvəz bitkiləri, 70 hektar ərazidə isə şəkər çuğunduru əkilib.

Hazırda təsərrüfatlarda əkinlərə aqrotexniki qulluq göstərilir və sahələrə yemləmə gübrəsi verilir.

Qeyd olunub ki, son üç ayda rayonda 1494 yeni iş yeri yaradılıb. Onun da 662-si daimidir.

Yığıncaqda rayonun kənd və qəsəbələrində məktəb, uşaq bağçası və xəstəxanaların təmir və tikintisinin davam etdirildiyi də diqqətə çatdırılıb.

 

Keçidlər