Şriftin ölçüsü :

Saytın rəngi :

"Balalarımız etibarlı və güclü bir ordunun sıralarına gedir"

13 aprel 2018 | 16:00

Şəmkir rayonunda yaşayan çağırışçı gənclər həqiqi hərbi xidmətə yola salınıblar.

Şəmkir şəhərinin mərkəzində yerləşən Ulu Öndər Heydər Əliyevin abidəsi qarşısında keçirilən gənclərin həqiqi hərbi xidmətə yola salınması mərasimində Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, İcra Hakimiyyəti başçısının müavinləri, idarə və təşkilatların, eləcə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin rəhbər şəxsləri, hüquq mühafizə orqanlarının əməkdaşları, təhsil işçiləri, ağsaqqallar, gənclər, müharibə veteranları, valideynlər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla yad ediblər.

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsindən sonra çıxış edənlər ordu sıralarına yola düşən gənclərə uğurlu hərbi xidmət arzulayıblar.

Tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov bildirib ki, Vətənin keşiyini çəkmək şərəfli bir işdir. Bu gün Vətəni qorumaq gənclərin öhdəsindədir: “ Bu gün hər birimiz sizin Vətənə ləyaqətlə xidmət edəcəyinizə, igidlik və şücaət göstərəcəyinizə inanırıq. Balalarım gözünüz arxada qalmasın. Bilin ki, əsgər valideyinləri hər zaman dövlətimizin diqqətindədir. Əziz valideyinlər siz də əmin olun ki, balalarımız etibarlı və güclü bir ordunun sıralarına gedir. Belə güclü dövlətə, belə igid evladları olan millətə heç kim bata bilməz. İcra başçısı gənclərə hərbi xidmətdə ayıq-sayıq olmağı, hərbi sirlərə və texnikaya mükəmməl yiyələnməyi, komandirlərin tapşırıqlarını məsuliyyətlə yerinə yetirməyi tövsiyə edib və düşmənə layiqli cavablar verərək qəhrəman əsgər adını qazanmağı, düşməndən şəhidlərimizin qisasını almağı arzulayıb.

Yolasalma mərasimində çıxış edənlər bildiriblər ki, bu gün Azərbaycanın Silahlı Qüvvələri mənfur düşməni hər an məhv etməyə qadir güclü maddi-texniki bazaya malikdir. Azərbaycan Ordusu regionun ən güclü və yüksək hərbi hazırlığa malik peşəkar ordusudur və istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Tədbirin sonunda çağırışçı gənclər təntənəli marşın sədaları altında üçrəngli bayrağımızı öpüb ordu sıralarına yola düşüblər.

Keçidlər