Körpüdə təmir başladı, xoş təşəbbüsə sakinlər də qoşuldu
Son illər Azərbaycanda həyata keçirilən uğurlu siyasət nəticəsində ölkənin şəhər və kəndlərinin, eyni zamanda Şəmkir rayonu, onun qəsəbə və kəndlərinin siması dəyişir, yeniləşir.
Təsadüfi deyil ki, çıxışları zamanı Şəmkir Rayon İcra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov qazanılan hər bir uğura dövlət başçısının göstərdiyi böyük diqqət və qayğı sayəsində nail olunduğunu bildirir.
İcra başçısı hər zaman qeyd edir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin birbaşa təşəbbüsü sayəsində son illər Şəmkir rayonunda bir çox mühüm obyektlərin inşası uğurla başa çatdırılıb. Bunun bariz nümunəsi kimi ötən il ərzində ölkə başçısının Şəmkir rayonuna səfərini göstərmək olar.
Həmin səfər çərçivəsində Prezident İlham Əliyev “Şəmkir Aqroparkı”nın, “Azərxalça” ASC-nin Şəmkir filialının, “Azərişıq” ASC-nin Şəmkir avtomat idarəetmə və nəzarət mərkəzinin, Mobil Səhra Cərrahiyyə Hospitalı və Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunun təntənəli açılış mərasimində iştirak edib, eyni zamanda cənab Prezident Tarix-Diyarşünaslıq Muzeyində yaradılan şəraitlə tanış olub.
Şəmkir rayonuna son səfəri zamanı rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Prezident İlham Əliyevə rayonda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi. Bildirildi ki, son illər Şəmkirdə bir sıra mühüm sosial-infrastruktur layihələri icra edilib, rayonda genişmiqyaslı quruculuq işləri aparılıb, yeni istirahət məkanları yaradılıb, yaşıllıqlar salınıb.
Hazırda da Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində sosialyönümlü tədbirlər davam etdirilir, sakinlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində işlər görülür.
Elə bu günlərdə rayon İcra Hakimiyyətinin təşəbbüsü, Şəmkir şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyin və Şəmkir Bələdiyyəsinin dəstəyi ilə Şəmkir şəhəri ərazisində yerləşən körpülərdə təmizlik işləri başladılıb.
Görülən işlərdən məmnun qalan Şəmkir şəhər sakinləri bu təşəbbüsə özləri də qoşulublar.
Belə ki, şəhər sakini İmran Zalov Şəmkir şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndə Elşən Quliyevə müraciət edərək şəhər ərazisində yerləşən "Fərmayıl" körpüsünün ətrafındakı ərazilərin təmizlənməsi üçün dəstək istəyib.
Sakinlərin müraciəti nəzərə alınaraq onlara ağır texnika ilə dəstək göstərilib və ərazidən geniş təmir-bərpa işləri başladılıb.
Yerli sakinlərin köməyi ilə körpünün ətrafı təmizlənir, yol genişləndirilir, körpüdə elektrik dirəkləri yenilənir və iri tutumlu avtomobillərin keçidi üçün körpünün yanından əlavə yol salınır.
Təmizləmə işləri başa çatdıqdan sonra körpüdə rəngləmə işləri aparılması və ətrafda yaşıllığın salınması planlaşdırılr.