Şriftin ölçüsü :

Saytın rəngi :

Vuqar Yusifovun son döyüşü - Şəhid polkovnikin həyatı

02 aprel 2018 | 16:00

Yusifov Vüqar Nurəddin oğlu 2 noyabr 1976-cı ildə Şəmkir rayonu, Şiştəpə kəndində anadan olub. Uşaqlığı doğulduğu kənddə keçən Vüqar 1983-cü ildə Şiştəpə kəndində 1-ci sinifə gedib. Məktəb illərində idmançı görkəmi, bacarığı, vətənpərvərliyə ilə sinif yoldaşlarından seçilmiş, əvvəl gündən liderlik, komandirlik qabiliyyəti ilə fərqlənmişdi, siniflərarası yarışlarda hər zaman kapitan kimi komandasının adını yüksəyə qaldırmışdır.

Onun uşaqlığı mənfur düşmənin vətənimizə təcavüz etdiyi illərə təsadüf edib. Buna görə də hər bir vətən oğlu kimi Vüqar da düşmənə nifrət hissilə alışıb yanırdı. Erməni separatçılarının Xocalıda silahsız dinc insanlara qarşı soyqırım törədəndə o 10-cu sinifdə oxuyurdu. Ancaq buna baxmayaraq dəfələrlə evdən qaçmış, döyüş bölgəsinə getmək, vətən müdafiəçilərinə qoşulub düşməndən qisas almaq istəmiş, hər dəfə də azyaşlı olduğuna görə hərbi komissarlıq tərəfindən geriyə qaytarılmışdır. Ancaq düşməndən qisas alacağına and içmiş, bu məqsədlə hərbçi olmağı qarşısına məqsəd qoymuşdur.


Hərbçi həyatının başlanğıcı- Türkiyədən başlayan yol…

1993-cü ildə 11-ci sinfi bitirərək Türkiyə Respublikasında Quru qoşunları Ali Hərbi Məktəbinə daxil olmuş, 1998-ci ildə həmin məktəbi bitirmiş, 1997-ci ildə leytenant rütbəsi almış, 1997-ci ildən 1998-ci ilədək Türkiyənin İstanbul şəhərində piyada qoşunları üzrə ixtisası piyada məktəbində, 1997-ci il tarixindən Türkiyə Respublikası Egridir dağ komando məktəbində "Komando başlanğıç" kursunu kecmiş, Komando məktəbini azərbaycanlı müdavimlər arasında birinciliklə bitirmiş, 1998-ci ildən Türkiyə 18-ci zirehli briqadasında taqım komandiri vəzifəsində praktiki təcrübə kecmiş, Mudafiə Nazirinin əmrilə “N” saylı Xüsusi Təyinatlı hərbi hissədə taqım komandiri vəzifəsinə təyin olunmuşdur. Daha sonra Xüsusi Təyinatlı Qüvvələr kursunu keçmiş, qısa müddətdən sonra xidmətdə fərqləndiyinə görə Xüsusi Təyinatlı Qüvvələrdə qrup komandiri vəzifəsinə irəli çəkilmişdir. Daha sonra 2002-ci ildə həmin hərbi hissədə taborun qərargah rəisi, 2003-cü ildə isə tabor komandiri vəzifəsinə təyin olunmuşdur. Göstərdiyi qüsursuz xidmət komandanlıq tərəfindən qiymətləndirilmiş, Müdafiə naziri tərəfindən Qüsursuz xidmətlərinə görə 3-cü dərəcəli medalı ilə təltif olunmuş, daha sonra isə Xüsusi Təyinatlı Alayın Qərargah rəisi vəzifəsinə təyin edilmişdir.


Amerikada və Pakistanda keçilən kəşfiyyat məktəbi…

2007-ci ildə Amerika Birləşmiş Ştatlarında "Fort Haucka" quru qoşunları bazasında Kəşfiyyat kapitanı təkmilləşdirmə kursununda, 2011-ci ildə isə Pakistanda Xüsusi təyyinatlı tekmilləşdirmə kurslarında iştirak etmişdir. Azərbaycan ordusunda sayılıb seçilən kadrlardan olan polkovnik Vüqar Yusifov düşmənin diversiya hərəkətlərinin qarşısını dəfələrlə almışdır. Düşmənin 2014-cü il avqustunda cəbhəyanı yaşayış sahələrimizə təxribatının qarşısın alınmasında isə xüsusi xidmətlər göstərmiş, komandanlığın əmrini qüsursuz icra etmişdir.

Qəhrəman polkovnikin sonuncu döyüşü…

Vüqarın sonuncu döyüşü aprel ayının 4-də Tər-tər rayonu Talış yüksəkliyində olmuşdur. Kəşfiyyat komandirinin rəhbərliyi altında iki dəstə Gülüstan tərəfdən hərəkət edərək düşmənin 3 postunun arxasına keçmiş, ilk həmlə ilə birinci səngərdə olan 18 erməni əsgərini məhv etməklə postdu götürmüşdür. Bu an təpənin başında gecəgörmə cihazı ilə düşmənin say çoxluğunu və yana doğru hərəkətini görərək, onların qüvvələrimizi mühasirəyə almaq fikrini anlamış, tabeliyindəkilərə mövqelənmə barədə göstəriş vermişdir. Nəticədə düşmən hücumunu dəf edən kəşfiyyatçılarımız əks-hücuma keçərək növbəti 3-cü posta qədər irəlləmişdilər. Bu an düşmənin maskalanmış tankı önə çıxmış kəşfiyyatçılarımıza atəş açmışdır. Nəticədə ürəyi vətən-torpaq ücün döyünən iki cəsur komandir polkovnik Yusifov Vüqar və polkovnik-leytenant Raquf Orucov şəhid olmuşlar. Düşmən tez bir zamanda xüsusi təyinatlıları və rezerv qüvvələri döyüşə cəlb etmiş, itirdiyi mövqeləri qaytarmaq məqsədilə əks hücuma kecmişdir. Nəticədə qeyri-bərabər qüvvələr balansı yaranmış, ancaq cəsur komandirin 18 nəfərdən ibarət kəşfiyyat qrup son nəfəsədək döyüşəcəklərinə and içmiş, dörd saatlıq qeyri-bərabər ağır döyüşdən sonra yağı tankını partlatmış, 50 nəfərlik xüsusi təyyinatlı erməni əsgərini məhv etmişdir. Bununla da postları yağılardan təmizləməklə Azərbaycan hərb tarixində şanlı səhifə yazmışlar. Cəsur komandirin başçılıq etdiyi bu əməliyyatlarda ümumilikdə düşmənin 100-ə yaxın yaraqlısı məhv edilmişdir.

Keçidlər