İcra Hakimiyyətində soyqırım qurbanlarının xatirəsi anıldı
31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivinin iştirakı ilə anım tədbiri keçirilib.
Öncə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov 31 Mart Soyqırımı haqqında ətraflı məlumat verərək bildirdi ki, düz 100 il əvvəl - martın 30-dan aprelin 3-dək Bakı Sovet və daşnak erməni silahlı dəstələri tərəfindən Bakı şəhərində, Bakı quberniyasının müxtəlif bölgələrində, eləcədə Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə azərbaycanlılara qarşı soyqırımı törədilmiş, 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş on minlərlə insan itkin düşmüşdür.
İcra başçısı bildirib ki, 1918-ci ilin mart qırğınları ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktlarına ilk siyasi hüquqi qiymət xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən verildi: "Ulu Öndər Heydər Əliyevin imzaladığı “1948-1953-cü il illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 1997-ci il 18 dekabr tarixli 656 nömrəli və “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında ilk dəfə olaraq azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınların-soyqırımılarının rəsmən adı çəkilmiş, xalqımıza qarşı aparılmış etnik düşmənçilik siyasətinin kökləri açılmış, erməni millətçilərinin mənfur fəaliyyətinə siyasi qiymət verilmişdir. Bu Fərmanla "31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi".
Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavinləri və şöbə müdirləri də çıxış edərək uzun illər erməni qəsbkarları tərəfindən xalqımıza qarşı keçirilən soyqırımı aktlarını diqqətə çatdırdılar.
Bu tarixi faciələrin gələcək nəslə çatdırılması məqsədi ilə keçirilən anım tədbirlərinin həm də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində mühüm rolunu qeyd etdilər.