Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəblilər Şəmkirdən zəngin səfər təəssüratları ilə ayrılıblar

29 mart 2018 | 16:00

Respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə ekskursiyaya çıxan Abşeron, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, İmişli və Füzuli məktəbliləri martın 28-də Şəmkir rayonu ilə tanış olublar.

Məktəbliləri Heydər Əliyev Mərkəzinin qarşısında rayon rəhbərliyi qarşılayıb.

Əvvəlcə tur-aksiya iştirakçılarına Heydər Əliyev Mərkəzi haqqında məlumat verilib. Bildirilib ki, bina orijinal memarlıq üslubunda inşa edilib. Belə ki, mərkəzin daxilində yan divarlarda Ümummilli Liderin həyat və siyasi fəaliyyətini əks etdirən fotolara baxan hər kəs irəlilədikcə yüksəkliyə qalxmış olur. Bu cür memarlıq həlli isə həm rəmzi məna daşıyır, həm də ümummilli lider Heydər Əliyevin yüksələn siyasi fəaliyyətini əks etdirir.
Şagirdlər Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin irsini əks etdirən fotoşəkillərə, Ümummilli Liderə həsr olunan kitablara baxıblar.

Bildirilib ki, mərkəzdə ümummilli lider Heydər Əliyevin müxtəlif vəzifələrdə olduğu dövrlərdə işlədiyi kabinetlərin və iş otaqlarının bənzərləri yaradılıb. Bayraq meydanında tarixən Azərbaycanda mövcud olan dövlətlərin ayraqlarının və nişanlarının əks olunduğu guşələr də tur-aksiya iştirakçılarında böyük maraq oyadıb.

Məktəblilər Şəmkirdə vaxtilə alman koloniyaçıları tərəfindən inşa olunan lüteran kilsəsi ilə də tanış olublar. Onlara Şəmkirin əsasını qoyan alman koloniyaçıları haqqında məlumat verilib.

Şagirdlərin Şəmkir rayonu ilə tanışlığı zəngin səfər təəssüratları ilə başa çatıb.

Keçidlər