Şəmkirli məktəblilər Qəbələyə yola düşüblər
Bu gün Şəmkir rayonunun ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərindən ibarət 40 nəfərlik qrup “Ölkəmizi tanıyaq” adı altında keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Qəbələyə yola salınıb.
Əvvəlcə tur-aksiya iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər, önünə gül-çiçək dəstələri qoyublar.
Yolasalma mərasimində Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Abdullayeva çıxış edərək məktəblilərə şən və mənalı istirahət arzulayıb, Azərbaycanımızın gözəl bölgələri barədə daha zəngin məlumatlar almağı tövsiyə edib.
Sonda layihə iştirakçılarına uğurlar arzulayan Aynur Abdullayeva bildirib ki, layihə, şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümumilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etməkdə xüsusi əhəmiyyət kəsb edir.
Yolasalma mərasimində iştirak edən valideynlər bu gözəl təşəbbüsə, məktəblilərin ölkəmizi daha yaxından tanımaları, vətənpərvər ruhda tərbiyəsi, gözəl istirahəti üçün göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.