Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” şagirdlərin mənəvi zənginliyini artırır" - Alimpaşa Məmmədov

14 mart 2018 | 16:00

“Ölkəmizi tanıyaq” şagirdlərin mənəvi zənginliyini artırır" - Alimpaşa Məmmədov

Artıq beşinci ildir ki, Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur.

Layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.

“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Azərbaycanımızın dilbər güşələrindən olan Qəbələ, Zaqatala və Şəki rayonlarına səfər edəcək şagirdlər arasında rayonun 19 ümumtəhsil orta məktəbindən 40 nəfər Şəmkir məktəbliləri də var.

Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov layihə çərçivəsində şəfərə çıxacaq rayonun təhsildə fərqlənən 9-10-11-ci sinif şagirdləri ilə görüş keçirib.

Tur-aksiya iştirakçılarını salamlayan rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə həyata keçirilən layihənin məktəblilərin ölkəmizdə gedən inkişaf, regionlarda aparılan quruculuq işləri və ən əsası Azərbaycanın rayonlarını tanıması, olduqları rayonların məktəbliləri ilə əlaqə qurması baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd etdi.

İcra başçısı bildirdi ki, “Ölkəmizi tanıyaq” devizi ilə həyata keçirilən maarifləndirici tur-aksiyada səyahət zamanı rayonların tarixini, mədəniyyətini özündə əks etdirən mərkəz və muzeylərdə, şəkil qalereyalarında olmaq həmin rayonlar haqqında bilgi əldə etməyiniz, eyni zamanda sizin dünya görüşünüzün artmasına səbəb olacaqdır.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı qeyd edib ki, Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin başlıca məqsədlərindən biri gənc nəslin vətənə məhəbbət ruhunda tərbiyə olunmasıdır. “Ölkəmizi tanıyaq” başlığı altında keçirilən maarifləndirici tur-aksiyalar da məhz bu amala xidmət edir: “Bu tur-aksiya ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsində, tədrisdə qazanılan nəzəri biliklərin möhkəmləndirilməsində mühüm amillərdən biri olacaq və səfərin xoş təəssüratları şagirdlərin mənəvi zənginliyini daha da artıracaqdır”.

Görüş zamanı Şəmkir məktəbliləri də bu şəraiti onlara yaratdıqları üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Şəmkir Rayon İcra Hakimiyyətinin başçısına dərin minnətdarlığını bildirdilər.

Sonda məktəblilərlə xatirə fotosu çəkilib.

Keçidlər