Şəmkirdə Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirildi
Martın 7-də Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 mart Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirildi.
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları və rayonun ictimai-siyasi və mədəni həyatında fəallığı ilə seçilən qadınlar iştirak ediblər.
Bayram tədbirinin rəsmi hissəsində çıxış edən Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədov bildirdi ki, Azərbaycan qadını tarixin bütün dövrlərində yüksək mənəvi-əxlaqi xüsusiyyətləri öz xarakterində birləşdirib: “Qədim köklərə söykənən milli ailə dəyərlərinin daşıyıcısı olan Azərbaycan qadını həm də cəmiyyətin gələcəyi üçün sağlam nəsil yetişdirən bir ana olaraq həmişə dərin hörmət və ehtirama layiq olub”.
Azərbaycan qadını qəlbinin saflığı, bir elin, bir obanın, böyük bir məmləkətin qiymətli xəzinəsi kimi ad qazanıb. Müasir Azərbaycanın qurucusu, ümummilli liderimiz Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə qadınlarımıza yüksək qiymət verərək demişdir: "Qadınlar cəmiyyətin bəzəyidir, gözəlliyidir. Qadınsız cəmiyyət ola bilməz, qadınsız həyat ola bilməz. Azərbaycan qadınları da öz ağıllarına, zəkalarına, biliklərinə, istedadlarına görə, eyni zamanda gözəlliklərinə görə dünya qadınları içərisində özünəməxsus və çox yüksək yer tuturlar. Ona görə də biz qadınlarımızla fəxr edirik".
İcra başçısı bildirib ki, bu ənənələrə sadiq qalan cənab Prezident İlham Əliyev qadınların ictimai-siyasi fəaliyyətinin artırılmasına xüsusi önəm verir: “Azərbaycan qadını artıq cəmiyyətimizdə öz layiqli yerini tutmuşdur. Bu gün qadınlar ölkəmizdə ən yüksək vəzifələrdə çalışırlar. Fəxrlə deyə bilərik ki, Azərbaycanın birinci vitse-prezidenti , ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Mehriban Əliyevanın haqq-ədalət, humanizm, xeyriyyəçilik və bəşəri prinsiplərə söykənən sərhəd tanımayan çoxşaxəli fəaliyyəti nəinki Azərbaycan qadınları, eləcə də dünya qadınları üçün əsl örnəkdir”.
Tədbirin gedişində hər bir qadına bayram hədiyyəsi təqdim edildi. Bayram tədbiri müğənnilərin ifasında rəngarəng konsert proqramı ilə davam etdi.