Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə "Dayaq” mentorluq proqramı çərçivəsində tədbir keçirilib

22 fevral 2018 | 16:00

Azərbaycan bələdiyyələrində təmsil olunan qadın üzvlər üçün nəzərdə tutulmuş “Dayaq” Mentorluq layihəsi 2012-ci ildən GİZ-in yerli özünüidarəetmə proqramı tərəfindən həyata keçirilir. Layihənin əsas tərəfdaşı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir. Əsas məqsəd qadınların yerli ictimai həyatda iştirakını gücləndirməkdir.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Qüdrət Əliyev, GİZ Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının qrup rəhbəri Gerald Duda, EAP Berlin direktoru Manuela Moeller, E-box şirkətinin direktoru Şamo Salayev və ətraf Rayon İcra Hakimiyyəti başçılarının müavinləri və yerli bələdiyyələr iştirak ediblər.

Rayon icra hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev tədbiri açaraq, bu cür maarifləndirmə xarakterli tədbirin keçirilməsinə görə təşkilatçılara minnətdarlığını bildirib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və dövlət səviyyəsinə qaldırılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirdi. 1993-cü ildə xalqın tələbi və arzusu ilə hakimiyyətə qayıdan ulu öndərin qadınların cəmiyyətdəki statusunun təmin olunması ilə bağlı imzaladığı fərman və sərəncamlar qadın hüquqlarının və təminatı istiqamətində irəliyə doğru atılmış tarixi addımlardır. Azərbaycan qadınlarının ictimai həyatda rolu bu gün Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın timsalında daha qabarıq şəkildə özünü büruzə verir. Xanım Sədaqət Qəhrəmanova qadınların cəmiyyətdə iqtisadi rolu barədə geniş məlumat verib.

Almaniyanın Beynəlxalq Əməkdaşlıq Təşkilatının Yerli Özünüİdarəetmə Proqramının məsləhətçisi Fidan Qasımova nitqində bildirib ki, Azərbaycanda həyata keçirilən bu Proqram çərçivəsində yerli özünüidarəetmə sahəsində bələdiyyələr və dövlət qurumları ilə yaxından əməkdaşlıq qurulub, respublikanın müxtəlif bölgələrində sosial və iqtisadi sahələrdə bır sıra layihələr həyata keçirilib. O qeyd edib ki, “DAYAQ” Mentorluq Proqramının ümumi məramı cəmiyyətdə dəyişikliyə nail olmaqla yanaşı, konkret iştirakçıların fərdi inkişafı və gücləndirilməsi ilə bağlıdır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Elgün Səfərov isə deyib ki, mentorluq anlayışı 1970-ci ildə ABŞ-da müasir idarəetmə sahəsində yaranmışdır. Bu gün həmçinin ictimai-siyasi sferada tətbiq edilir. Mentorluq stajorların karyeralarında təkmilləşməsi və nailiyyətlərin əldə edilməsi, sosial kapital və psixoloji dəstəyin göstərilməsi üçün mükəmməl alətdir. E.Səfərov həmçinin onu da vurğulayıb ki, 23 dekabr 2014-cü il Azərbaycan son bələdiyyə seçkiləri bələdiyyələrdə qadın təmsilçiliyinin artımı ilə nəticələnmişdir. Bu mənada qadın bələdiyyə sədrlərinin gender yönlü və digər yerli səviyyədə olan məsələlərlə bağlı qərar qəbul etmə proseslərində daha çox qadınların iştirakını təşviq etmək imkanları var. Qadınların iştirakının yalnız kəmiyyətdə məhdudlaşmamağı məqsədilə onların bələdiyyə idarəetməsində yerli lider kimi uğurlu olması və ictimai təşəbbüslərini artırmaq üçün qadın liderlərə müəyyən ünsiyyət bacarıqları və geniş şəbəkə lazımdır.

Yekunda iştirakçılara metodiki vəsaitlər paylanılıb.

Keçidlər