Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə şəhidin il mərasimində təsirli anlar

23 fevral 2018 | 16:00

Bu gün Şəmkirin Şeidlər kəndində cəbhədə gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş, şəhid Xəlilov Xanoğlan İntizam oğlu vətən uğrunda canından keçməsinin birinci ild dönümündə anılıb.

Anım mərasimində Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, İH başçısı Aparatının əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin rəisi, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, YAP Şəmkir rayon təşkilatının fəalları və gənclər, Qarabağ Qaziləri, kənd sakinləri, şəhidin yaxınları, ictimai birliklərin nümayəndələri, rayon ziyalıları, ağsaqqallar iştirak ediblər. Tədbir şəhid Xanoğlan Xəlilovun məzarı önündə keçirilib.

Əvvəlcə şəhidin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edənlər belə tədbirlərin keçirilməsinin gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını bildirib, Vətən uğrunda canlarını qurban vermiş şəxslərin ailələrinə dövlət tərəfindən hərtərəfli qayğı göstərilməsinə toxunaraq bu diqqətin gənclərin vətənpərvərlik və dövlətçiliyə sədaqət ruhunda tərbiyəsində müstəsna rol oynadığını diqqətə çatdırıblar. Tədbirdə çıxış edənlər qəhrəmanın keçdiyi qısa, lakin mənalı və şərəfli həyat yolundan danışıb.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov çıxış edərək Xanoğlan Xəlilovun timsalında şəhidlərin, milli qəhrəmanların cəsurluğu və rəşadətini Vətənini sevən hər kəs üçün örnək kimi səciyyələndirib.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov şəhidin məzarı önünə toplaşmış izdiham qarşısında çox təsirli çıxış edib. O bildirdi: “ Şəhidlik elə bir zirvədir ki, bu zirvəyə ucalmaq hər kəsə nəsib olmur. Bu mərdlik, qəhrəmanlıq zirvəsidir. Bizim şəhid oğullarımız canlarını vətən uğrunda fəda edəndə göstərdilər ki, bu milləti oyandırmaq olmaz. Bu millət oyansa, qarşısında heç kim dayana bilməz. Bizim mənfur düşməndə hələ qisasımız var. Bu qisası onlarda qoymayacağıq. Biz öz qisasımızı onlardan alacağıq, sadəcə bir az geci-tezi var. Niyə geci-tezi var? Ermənistan adlı mənfur düşmən öz-özlüyündə güc sahibi deyil. Onun havadarlarının çirkin niyyətləri nəticəsində bu münaqişə, bu müharibə bir az yubanır. Bizim qisas günümüz bir az yubanır. Ali Baş Komandan, möhtərəm prezidentimizin rəhbərliyi altında biz 3 rəngli Azərbaycan bayrağımızı Şuşaya, Xankəndinə və axtarsan Ermənistanın bütün nöqtələrinə sancacağıq. Silahlı qüvvələrimiz buna qadirdirlər”.

Biz bütün şəhidlərimizin ruhu qarşısında hamılıqla baş əyirik!

Bilirik, çox ağırdır, çəkiləsi dərd deyil! Amma Vətən uğrunda ölən bir insan ən uca məqama yüksəlib. Bu uca məqam hər bir insana qismət olmaz.

Yalnız Allah sevdiyi insanları şəhidlik zirvəsinə yüksəldə bilər. İstəyirəm bunu biləsiniz. Sizə çox sağ ol deyirəm ki, belə gözəl bir oğlu böyütmüsünüz. Siz Xanoğlanı vətən üçün böyütdünüz, Xanoğlan da vətən üçün canını fəda etdi.

O bütün Azərbaycanın fəxri, qürurudur. Buna görə başınızı dik tutun, şəhid anası, şəhid atası!

İcra başçısı Azərbaycan ordusunun gücündən, qüvvətindən də danışıb: ”Bu gün Azərbaycan ordusu dünyanın sayılıb-seçilən orduları sırasındadır. Bu, bir yerdən qaynaqlanan güc deyil, Vətəndən gələn gücdür, Ali Baş Komandandan, orduda bu gün olan nizam-intizamdan gələn bir gücdür. Şəmkirlilər, çox sağ olun ki, Xanoğlanımızı bu səviyyədə anırsınız. Xanoğlan kimi oğullar sıralarımızdan getsə də, onların ruhu görəcək ki, biz onları heç vaxt unutmamışıq. Şəhid güllə yarasından ölmür, unudulmaqdan ölür. Bu balaların ruhu o vaxt şad olacaq ki, biz hamılıqla azad edilmiş Qarabağ torpaqlarında tikinti-quraşdırma işləri aparacağıq Alimpaşa Məmmədov çıxışının sonunda bildirib ki, bu gün biz bura ağlayıb-sızlamaq üçün deyil, Xanoğlanın ruhunu şad etmək üçün yığışmışıq: “Başımızı dik tutaq! Şəhid ailəsinin, şəhid atasının da yanında olduğumuzu göstərmək üçün burdayıq”.

 

Keçidlər