"Məktəblinin gigiyenası vacibdir" - Gənc həkimlər
Şəmkir "Gənc Həkimlər Birliyi"nin üzvləri Skalioz, Lordoz, Kifoz və məktəblinin gigiyenası ilə bağlı geniş mühazirə təşkil edib.
Tədbirdə Şəmkir rayon İcra Hakimiyyəti başçısı aparatının nümayəndələri, “Böyük Yol” Gənclərin İctimai Birliyinin üzvləri, gənc həkimlər, ibtidai sinif müəllimləri və Körpələr evi-uşaq bağçalarının tərbiyəçiləri iştirak ediblər.
Mühazirədə çıxış edən gənc həkimlər birliyinin üzvləri ilk öncə Skalioz xəstəliyindən söz açaraq bildiriblər ki, bu xəstəlik onurğa sütünunun öz oxu ətrafında fırlanması ilə xarakterizə olunub, döş qəfəsinin, çanağın və kürək sümüklərinin də qeyri-simmetrik yerləşməsinə səbəb olur.
Sağlamlığın gənc keşikçiləri bildiriblər ki, bu xəstəlikdən yayınmaq üçün məktəblərdə bədən tərbiyəsindən başqa, uşaqlarda onurğa sütunu əyriliklərinin qarşısını almaq üçün onlara düzgün tədris və istirahət rejimi yaratmaq lazımdır.
Qeyd olunub ki, əgər uşaq uzun müddət hərəkətsiz vəziyyətdə qalırsa, bu, onurğa sütununa da mənfi təsir göstərir. Bunun üçün uşaqların şifahi və yazı tapşırıqlarını növbələşdirmək lazımdır.
Digər xəstəlik olan Lordoz haqqında məlumat verən həkimlər bildirdilər ki, bu xəstəlik onurğa sütununun deformasiyası nəticəsində yaranır. Əgər lordozunuz varsa əlinizlə beliniz arasında əlavə boşluq olacaq.
Gənc həkimlər uşaqların bədəni böyüklərə nisbətən zəif olduğundan onların xəstəliklərə tutulmaları daha asan olduğunu bildirərək məktəblinin gigiyenası haqqında geniş məlumat veriblər.
Bildirildi ki, uşaqların əllərini yumadan qidalanması onlarda mədə-bağırsaq sisteminin pozulmasına, qurd xəstəliklərinin əmələ gəlməsinə səbəb ola bilər. Bütün bunların qarşısını almaq üçün həm valideynlər, həm müəllimlər uşağa nəzarət etməlidirlər. Çalışmaq lazımdır ki, uşaq boyuna uyğun parta arxasında əyləşsin.
Sonda mühazirə iştirakçılarının sualları həkimlər tərəfindən cavablandırılıb.