Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə sakinlərin qaldırdığı problemlərə diqqətlə yanaşılır

16 fevral 2018 | 16:00

Son illər Şəmkirdə əhalinin gündəlik həyat səviyyəsini yüksəltmək, sakinlər üçün lazımi şərait yaratmaq rayon İcra Hakimiyyətinin fəaliyyətində əsas prioritetlərdən birinə çevrilmişdir. İstər müxtəlif kənd və qəsəbələrdə, istərsə də rayon mərkəzində keçirilən şifahi qəbul zamanı sakinlərin arzu və istəklərinə, qaldırdıqları problemlərə diqqətlə yanaşılır, onların həlli üçün qəti qərarlar qəbul edilir. Elə bunun nəticəsidir ki, rayonda şikayətlərin sayı azalıb. Bunu Şəmkir Rayin İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun bu gün keçirdiyi növbəti qəbul günü bir daha təsdiq etdi.

Geniştərkibli qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, hüquq mühafizə orqanları, aidiyyəti idarə, təşkilat, xidmət sahələrinin rəhbərləri, İnzibati Ərazi Dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər. Ən müxtəlif kateqoriyaları təmsil edən vətəndaşlar həmişə olduğu kimi qəbul gününə böyük inamla gəlmişdilər. Vətəndaşlar tərəfindən edilmiş müraciətlərin əksəriyyəti su, torpaq, maddi yardım və sosial məişət məsələlərinə dair olub.

Dinlənilmiş çoxsaylı müraciətlərin bir qismi yerində həllini tapmış, digər müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülmüş və qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə və məsul şəxslərə müvafiq tapşırıqlar verilmişdir. İcra Başçısının qəbuluna gələnlər təkcə problemlərdən danışmadılar.

Şəhərdə aparılan genişmiqyaslı quruculuq işlərindən, genişləndirilən küçələrdən fərəhlə söz açdılar. Eyni zamanda qaldırdıqları problemin həlli üçün təşəkkür etdilər.

Şəmkir və şəmkirlilərə göstərdiyi dəstək və qayğıya görə ölkə rəhbəri İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədova minnətdarlıq ediblər. Arzu və istəkləri reallaşdıran daha bir qəbul günü çoxlarının həyatına uğurlu tarix kimi yazıldı.

Onu da qeyd edək ki, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının sifahi qəbulundan başqa, rayon İcra Hakimiyyətinin rəsmi “facebook” səhifəsi, müntəzəm olaraq yenilənən www.shamkir-ih.gov.az internet saytı, mail@shamkir-ih.gov.az elektron poçt ünvanı, “Qaynar xətt” telefonu (5700) fasiləsiz fəaliyyət göstərir, yerlərdə quraşdırılan “Şikayət və təkliflər” səyyar poçt qutularından geniş istifadə edilir.

Keçidlər