İcra başçısı tibbi müayinənin gedişi ilə tanış oldu
Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədov Rayon Konsultativ Poliklinikasında olub.
Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədov ölkə Prezidenti İlham Əliyevin tapşırığına əsasən əhalinin tibbi müayinədən keçirilməsinin gedişi ilə yaxından tanış olmaq üçün rayon Konsultativ Poliklinika şöbəsində olub.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədova tibbi müayinənin təşkili barədə geniş məlumat verən Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ayaz İbrahimov bildirib ki, rayon ərazisində müayinənin Konsultativ Poliklinika şöbəsi, 32 həkim məntəqəsi, 4 kənd və 3 qəsəbə xəstəxanasında aparılır. Bununla yanaşı həkim olmayan kəndlərdə əhalinin müayinə edilməsi üçün əlavə 3 həkim briqadası yaradılıb. Hər briqada terapevt, cərrah, endokrinoloq, stomotoloq və kardioloq həkimlə təmin olunub.
Eyni zamanda Şəmkir rayon Mərkəzi xəstəxanasında ayrıca təşkil edilmiş səyyar həkim briqadası əlillərin, sağlamlıq imkanları məhdud olan şəxslərin tibbi müayinəsini evlərdə və yaşadıqları ünvanda həyata keçirir. Baş həkim bildirib ki, xəstəlik aşkar edilmiş şəxslərin yerlərdə, zərurət yarandığı hallarda isə Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunması, digər sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Rayon sakinləri ölkə başçısının bu nəcib təşəbbüsünü böyük minnətdarlıqla qarşılamışlar. Onlar poliklinikanın həkim heyəti, burada yaradılan şəraitdən razılıq etmişlər. Müayinədən keçən rayon sakinləri onların sağlamlıqlarının qeydinə qaldığı üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürlərini bildiriblər.