Şəmkirlə Smolenskin qardaşlaşması Rusiyada müzakirə olundu
Bu günlərdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Smolensk vilayətində rəsmi səfərdə olub.
Səfər çərçivəsində nümayəndə heyəti Smolernsk vilayətinin qubernatoru Aleksey Vladimiroviç Ostrovski ilə görüş keçirib.
Görüş zamanı qonaqları salamlayan Aleksey Vladimiroviç Azərbaycanın ən gözəl rayonlarından biri olan Şəmkirin icra başçısını və onun rəhbərlik etdiyi nümayəndə heyətini Smolensk vilayətində görməkdən məmnun olduğunu bildirib:“Əvvəlcə bu yaxınlarda Azərbaycana, Şəmkir rayonuna səfər edən bizim əməkdaşlarımızı və sahibkarlarımızı səmimi qəbul etdiyinizə görə sizə dərin təşəkkürümü bildirirəm. Rayonunuzda səfərdə olan nümayəndələrimiz Şəmkir haqqında mənə ətraflı məlumat verdilər. Bütün sahələrdə inkişafının çiçəklənmə dövrünü yaşayan Azərbaycanın belə bir imkanlara malik olan bölgəsinin olması bizi sevindirdi. Etiraf edim ki, məndə Şəmkir haqqında çox gözəl təəssüratlar yarandı və yaxın zamanlarda şəhərinizi canlı görməkdən məmnun qalaram”.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov da öz növbəsində Smolensk vilayətinin qubernatoru Aleksey Vladimiroviçə yaradılan isti münasibətlərə görə dərin təşəkkürünü bildirib: “Bu gün Şəmkir və Smolensk arasında belə isti münasibətlərin qurulmasında ölkələrimiz arasında olan dostuq münasibətlərinin əhəmiyyəti böyükdür. Heç sübhəsiz ki, Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev arasında olan dostluq münasibəti də bizim əlaqələrimizi sıx və dəyərli qurmağımıza imkan verir”.
Bir sıra qarşılıqlı iş birliyi və dostluq münasibətlərinin müzakirə olunduğu görüşün sonunda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Smolensk vilayətinin qubernatoru Aleksey Vladimiroviçi Şəmkirə səfərə dəvət edib: “ Bu gün Smolensk vilayətində gördüklərimizdən də əmin olduq ki, biz doğru bir ünvandayıq və böyük bir şəhərlə əlaqələr qururuq. Belə bir sürətli inkişaf dövrü yaşayan vilayətlə iş birliyi qurmaq bizim üçün də qürurvericidir. Bütün yaradılan şəraitə görə sizlərə dərin təşəkkürümüzü bildiririk və sizi nümayəndə heyətinizlə birlikdə Şəmkirə dəvət edirik. Çox istərdik ki, şəhərlərimiz arasındakı isti münasibətləri nəzərə alaraq, Şəmkirlə Smolensk arasında qardaşlaşmış şəhərlər statusu rəsmiləşdirilsin”.
Rəsmi dəvətə görə dərin təşəkkürünü bildirən Aleksey Vladimiroviç yaxın zamanlarda geniş heyətlə Şəmkirə mütləq səfər edəcəklərini bildirib.
Sonda Smolensk vilayəti və şəxsən qubernator Aleksey Vladimroviçin adından şəmkirli qonaqlara hədiyyələr təqdim olunub.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov da öz növbəsində nümayəndə heyəti adından qubernatora Qarabağ xalçası hədiyyə edib.