Ötən il Şəmkirdə 111 min 342 ton pomidor istehsal olunub
Ölkə iqtisadiyyatının uğurlu inkişafında hər bir bölgənin, hər bir rayonun öz payı, öz zəhməti var. Qazanılan bu nailiyyətlərdə Şəmkir rayonunun da payı az deyil. Çünki əlverişli coğrafi relyefi, münbit torpağı, bol su mənbələri hesabına burada ildə dörd dəfə məhsul götürülür.
Dövlət tərəfindən təsərrüfat adamlarına, fermerlərə və fiziki şəxslərə göstərilən diqqət və qayğının nəticəsidir ki, Şəmkirdə, xüsusən aqrar sektorun çoxşaxəliliyi təmin olunub, kartofçuluq, taxılçılıq, üzümçülük, meyvəçilik sahələri ilə yanaşı, tərəvəzçilik də kifayət qədər inkişaf edib.
Ölkə rəhbərliyinin Şəmkirə və şəmkirlilərə göstərdiyi bu diqqət və qayğı, yaradılan şərait əhali tərəfindən məmnunluqla qarşılanır.
Şəmkir rayonunun iqtisadi potensialına uyğun olaraq meyvə-tərəvəz və üzüm emalı müəssisələrinin, kiçik və ya ortahəcmli istixana, həmçinin üzümçülük təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələri həyata keçirilib.
Başqa sözlə, Şəmkirdə abadlıq-quruculuq işlərindən tutmuş, yeni infrastruktur layihələrinin reallaşması, ərzaq təhlükəsizliyi məsələləri, kənd təsərrüfatının bütün sahələr üzrə inkişaf etdirilməsi diqqət mərkəzindədir.
İlin bütün fəsillərində süfrəmizi təzə tərəvəzlə təmin etmək üçün dünyanın ən son nəsil istixanalarından istifadə olunur.
Ekoloji cəhətdən təmiz, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsulu yetişdirib, həm daxili, həm də xarici bazarı təmin etmək üçün Şəmkirdə inşa olunmuş istixanada belə məhsul yetişdirilir.
Günün həqiqəti budur ki, bu gün Şəmkirdə ən gəlirli sahələrdən birinə çevrilən istilikxanalar hesabına faraş tərəvəz bolluğu təmin olunub. Bunun nəticəsidir ki, 2017-ci ildə rayonda ümumi məhsul istehsalı 58,2 faizdən çox artmışdır.
2017-ci ildə Şəmkir rayonunda yerləşən istixanalarda 127 min 977 ton məhsul istehsal olunmuşdur.
İstehsal olunan məhsulların böyük hissəsi pomidorun payına düşür. Belə ki, Respublikamızın ən böyük istixanalarının yerləşdiyi Şəmkirdə 2017-ci ildə 111 min 342 ton pomidor, 10 min 220 ton xiyar istehsal olunub.
Bundan başqa fermerlər ötən il istixanalardan 5672 ton kartof, 724 ton göy-göyərti, 17 ton çiyələk toplayıblar.
Onu da qeyd edək ki, Şəmkirdə istixanaların ümumi sahəsi 923 hektardır. 2018-ci ildə daha 100 hektar yeni istilikxanaların yaradılması nəzərdə tutulur.