Şəmkirin iki kəndinə yeni təyinat
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən rayonun Yeni Həyat və Dağ Daşbulaq kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinə yeni təyinatlar olub.
Belə ki, Namazov Natiq Qəzənfər oğlu bundan sonra Yeni Həyat kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndə, Vəliyev Rasim Vəli oğlu isə Dağ Daşbulaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndə vəzifəsində çalışacaq.
Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov yeni icra nümayəndələri ilə görüş keçirib.
Yeni təyinatları təbrik edən icra başçısı bildirib ki, gənclərin potensialından düzgün istifadə, bu istiqamətdə siyasətin doğru qurulması heç şübhəsiz ki, həmin dövlətin gələcəyinin sığortasıdır: “Azərbaycanın dövlət siyasətində gənclərlə iş prioritet sahələrdən biri kimi diqqətə alınır. Bu yöndə aparılan konkret fəaliyyətin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə aktiv iştirak edirlər”.
Görüşdə həm Natiq Namazov, həm də Rasim Vəliyev rayon İcra Hakimiyyəti başçısına minnətdarlığını bildirdi və onlara göstərilən etimadı ən yüksək səviyyədə doğrultmağa çalışacaqlarını vurğuladılar.
Görüşdən sonra Şəmkir Rayon İcra Hakimiyyəti Aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rasim Mustafayevin iştirakı ilə yeni kadrlar təyinatları üzrə kəndlərdə nümayəndəliyin kollektivinə və kənd sakinlərinə təqdim edildilər.