Gənclər Azərbaycanın inkişaf strategiyasının əsasını təşkil edir
Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov “Gənc Müəllimlər Birliyi”nin yeni üzvləri və rayonda İcra Hakimiyyətinin təşəbbüsü ilə yaradılmış gənclər təşkilatlarının üzvləri ilə görüç keçirib.
Gənclərlə səmimi söhbətində icra başçısı bildirib ki, Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olmuşdur:” Bu siyasətin banisi isə xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Ulu öndər Heydər Əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub”.
Milli dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, siyasi, hüquqi və iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı ulu öndərin ideyaları və irəli sürdüyü prinsiplər Azərbaycanın hazırkı və gələcək inkişaf strategiyasının əsasını təşkil edir deyən cənab Alimpaşa Məəmədov qeyd edib ki, ümummilli liderimiz həmişə gənclərimizə böyük ümidlər bəsləyir, dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Həyatı boyu, respublikaya rəhbərliyinin bütün dövrlərində ulu öndər sağlam, normal gəncliyin, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsinə xidmət edirdi.
Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə yaradılan “Gənc Həkimlər Birliyi”, “Gənc Tərbiyyəçilər Birliyi” və nəhayət bu gün yeni tərkibi formalaşdırılan “Gənc Müəllimlər Birliyi”nin rayonun həyatında önəmli yer tutduqlarını vurğulayıb: “Ulu Öndər hər zaman qeyd edirdi ki, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Ümummilli liderimiz iftixar və qürur hissi ilə bildirirdi ki, müasir Azərbaycan gəncliyi milli mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata- babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi indi də qoruyub yaşadır. Bax siz bu gün həmin əmməlləri rayonumuzda gerçəkləşdirirsiniz. Bu işdə rayon İcra Hakimiyyəti olaraq sizlərə hər zaman dəstək olmağa hazırıq. Və şərəfli peşənizdə sizlərə uğurlar arzulayıram”.
Sonda “Gənc Müəllimlər Birliyi”nin yeni sədri Kənan İbrahimov və birliyin idarə heyəti onlara göstərilən etmida görə dərin təşəkkürlərini bildiriblər.
Birliyin yeni üzvləri gördükləri hər bir işin Şəmkir gənci və rayon təhsili üçün faydalı olacağına söz veriblər.